AZƏRBAYCAN XƏBƏRLƏRİ

Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Sputnik
BAKI, 24 sentyabr — Sputnik. Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşının ölkəyə qayıdışı təmin edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.
Qeyd edilib ki, Azərbaycan vətəndaşları 1975-ci il təvəllüdlü Şirinov Elxan Əkbər oğlunun, 1982-ci il təvəllüdlü Məhərrəmov Vüqar Nazim oğlunun və 2004-cü il təvəllüdlü Rzayev Nihad Tafdıq oğlunun saxlanıldığı barədə məlumat daxil olan kimi, onların ölkəyə geri qaytarılması məqsədilə dərhal Rusiya Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, Rusiya XİN-i və digər aidiyyəti qurumları ilə danışıqlar aparılıb.
Bildirilib ki, bununla yanaşı, saxlanılmış vətəndaşlar ilə səfirlik tərəfindən telefon danışığı baş tutub.
"Azərbaycan vətəndaşlarının ölkəyə geri qaytarılması istiqamətində aparılmış iş nəticəsində, qeyd edilən vətəndaşlarımızın 21 sentyabr tarixində Rusiya ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib", - məlumatda deyilir.