HƏRBİ

Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir

24-26 sentyabr tarixlərində Bakıda 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.
Sputnik
BAKI, 23 sentyabr - Sputnik. Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 23-də ölkəmizə səfər edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qardaş ölkənin naziri ölkəmizə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə gəlib.
"Səfər çərçivəsində ölkələrimiz arasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılıb", - məlumatda deyilir.
Sərgi 24-26 sentyabr tarixlərində keçiriləcək.
ADEX, arxiv şəkli
“ADEX” sərgisi ilə paralel olaraq, 14-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçiriləcək. Sərgilər Bakı Ekspo Mərkəzində təşkil ediləcək.
“ADEX” sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir.
“ADEX” sərgisi Azərbaycan Respublikasının və dünya şirkətlərinin hərbi-sənaye komplekslərinin gücü və qüdrətinin genişmiqyaslı nümayişi, hərbi-texniki sahədə yerli və xarici ekspertlər arasında konstruktiv ünsiyyət, təcrübə mübadiləsi və səmərəli əlaqələrin qurulmasına şərait yaradır.
Tədbiri ziyarət edən peşəkarlar müxtəlif ölkələri təmsil edən şirkətlərin təqdim etdiyi müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycanın güc strukturlarının satınalma potensialı ilə tanış ola biləcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.