AZƏRBAYCAN XƏBƏRLƏRİ

VII çağırış Milli Məclisin ilk plenar iclası sentyabrın 30-da olacaq

VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.
Sputnik
BAKI, 22 sentyabr - Sputnik. Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Beləliklə, payız sessiyası çərçivəsində parlamentin ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.
VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.
Milli Məclisin Daxili Nizamnaməsinin ikinci maddəsinə görə, Milli Məclisin ilk iclasını ən qocaman deputat aparmalıdır.
VII çağırış Milli Məclisin ən yaşlı deputatı isə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən seçilən Ziyad Səmədzadədir. Onun 84 yaşı var.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbəti çağırışın birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin sədri seçilənədək birinci iclası aparır.
Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin sədri və onun müavinləri seçilir, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.
Qeyd edək ki, sentyabırn 21-də Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin nəticəsini təsdiqləyib.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib