BAKI, 17 sentyabr — Sputnik. Azərbaycanda özəl liseylərdə təhsil haqqı yenidən bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat verib. İki övladı Bakı Atatürk Liseyində təhsil alan paytaxt sakini Elnur Məhərrəmli Sputnik Azərbaycan-a bildirib ki, Bakı Atatürk Liseyi Türk Dünyası Araşdırmalar Vəqfinin liseyi olaraq türkçülüyün, turançılığın təbliğinə xidmət etsə də, təhsil haqlarını hər il bahalaşdırır.
Valideyn məcbur olub övladlarını başqa özəl məktəbə yerləşdirdiyini söyləyib.
Bakı Atatürk Liseyindən Sputnik Azərbaycan-a təhsil haqlarının artırıldığını təsdiqləyiblər. Bildirililib ki, liseyin 28 may filialı kiçik olduğundan, orada təhsil haqqı 2500 manatda saxlanılıb.
Nərimanov filialı isə böyük olduğundan, təhsil haqqı artırılaraq 4500 manat olub. Liseydən təhsil haqqının artırılmasının liseyin öz daxili qərarı olduğunu, səbəbinin açıqlanmadığını söylədilər.
Bu tədris ilindən Xəzər Universitetinin Dünya Məktəbində də təhsil haqları artırılıb. Məktəbdən Sputnik Azərbaycan-a bildiriblər ki, hazırda Azərbaycan və rus bölmələrində ibtidai siniflər üçün təhsilhaqqı 10 min manatdır.
V-XI siniflər üçün isə bu məbləğ 10500 manat təşkil edir. Məktəbin ingilis dili bölməsində isə illik təhsil haqqı ibtidai siniflərdə 12500 manat, V-VIII siniflər üzrə isə 14 min manat olub. IX-XI siniflərdə təhsil haqqı bahalaşaraq 16500 manata çatıb.
Halbuki, ötən tədris ili Xəzər Universiteti Dünya Məktəbində Azərbaycan və rus bölmələrində ibtidai siniflər üçün təhsilhaqqı 9000 manat idi. V-XI siniflər üçün isə bu məbləğ 9500 manat təşkil edirdi. Məktəbin ingilis dili bölməsində isə təhsilhaqqı illik 10500 manat həddində müəyyənləşmişdi.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən özəl liseylərin verdikləri təhsil illik təhsil haqqına adekvat deyil.
K.Əsədovun sözlərinə görə, buraxılış imtahanlarının nəticələri də özəl liseylərin məzunlarının nəticələrinin ən ucqar kənd məktəbinin məzununun nəticəsindən fərqlənmədiyini göstərir.
Ekspert onu da əlavə edib ki, hazırda özəl liseylərdə təhsilin bir əhəmiyyəti qalmayıb:
"İllər əvvəl özəl liseylər məzunlarının Avropa universitetlərinə qəbul olunması ilə öyünürdü. Hazırda adi orta məktəbi bitirən məzun da hazırlığa getməklə Avropa universitetlərinə qəbul oluna bilir".