İDMAN

Formula 1: Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıb

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi olub. Şarl Lekler (“Ferrari”) ikinci, Corc Rassell ("Mercedes") üçüncü olub.
Sputnik
BAKI, 15 sentyabr - Sputnik. Formula 1 Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Böyük Britaniya və Avstraliyanın Dövlət himnləri səsləndirilib.
Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev təqdim ediblər.
Qeyd edək ki, “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi olub. Şarl Lekler (“Ferrari”) ikinci, Corc Rassell ("Mercedes") üçüncü olub.
Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Həmilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.
***
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.
"McLaren" pilotu Oskar Piastri bütün rəqiblərini qabaqlayıb.
"Ferrari"dən Şarl Lekler ikinci, "Mercedes"dən Corc Rassel üçüncü yeri tutub.
Yarışın sonunda "Ferrari"dən Karlos Sayns və "Red Bull"dan Serxio Peres qəza törədiblər. Hər iki sürücünün idarə etdiyi bolid 50-ci dövrədə səddə çırpılıb.
16:15
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında "McLaren" pilotu Oskar Piastri liderliyini davam etdirir.
23 yaşlı sürücü 40 dövrədən sonra birinci yerdədir.
"Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"dan Serxio Peres üçüncüdür.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.
***
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında "Ferrari" pilotu Şarl Lekler hazırda liderdir.
26 yaşlı sürücü 10 dövrədən sonra birinci pillədə qərarlaşıb.
"McLaren"dən Oskar Piastri ikinci, "Red Bull"dan Serxio Peres üçüncüdür.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.
15:00
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.
Mübarizəyə saat 15:00-da start verilib.
Ötən gün sıralama turunda "Ferrari" pilotu Şarl Lekler birinci olub. "McLaren"dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub. "Red Bull"dan Serxio Peres və "Mercedes"dən Corc Rassel ilk "5-liy"i tamamlayıblar.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.
Azərbaycan Qran-prisinə qədər "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. "McLaren"dən Lando Norris 241 xalla ikinci, "Ferrari"dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.
Konstruktorlar kubokunda "Red Bull" 446 xalla xalla birinci, "McLaren" 438 xalla ikinci, "Ferrari" 407 xalla üçüncüdür.
***
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib.
Tədbir əsas yarışdan əvvəl gerçəkləşib.
Nadir Rüstəmli Dövlət Himnini səsləndirib.
Himn klassik üslubda ifa edilib və səhnə tərtibatı açılan xalça motivini xatırladıb. “Xan Qarabağ” xalçalarının sadə naxışlarından ilhamlanaraq hazırlanmış səhnə Azərbaycanın zəngin mədəni irsini əks etdirib.
Qeyd edək ki, əsas yarış saat 15:00-da başlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.