BAKI, 13 sentyabr — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sentyabrın 13-də Pxenyana səfər edib və burada Şimali Koreya lideri Kim Çen In tərəfindən qəbul edilib. Görüşdə ikitərəfli maraq doğuran və beynəlxalq gündəlikdəki məsələlər müzakirə edilib.
"Ölkələrimiz arasında davam edən strateji dialoq çərçivəsində koreyalı həmkarlarımızla ikitərəfli və beynəlxalq gündəliyin geniş spektri üzrə əsaslı fikir mübadiləsi aparılıb", Rusiya Təhlükəsizlik Şurasının məlumatında deyilir.
Qeyd olunur ki, Şoyqunu KXDR-in dövlət işləri üzrə sədri Kim Çen In qəbul edib.
Pxenyandakı görüşlər Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ilin iyununda Pxenyana dövlət səfəri zamanı iki ölkə liderləri arasında əldə edilmiş razılaşmalara uyğun olaraq son dərəcə etibarlı, dostluq şəraitində keçib.
"Onlar imzaladıqları ikitərəfli Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin müddəalarının həyata keçirilməsinə mühüm töhfə verəcəklər", - Təhlükəsizlik Şurası əlavə edib.