İQTİSADİYYAT

Şahin Mustafayev Rusiyanın kənd təsərrüfatı naziri ilə görüşüb

Görüşdə iki ölkə arasında aqrar-sənaye kompleksinin müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Sputnik
BAKI, 13 sentyabr — Sputnik. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev sentyabrın 13-də Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Oksana Lut ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə dövlət başçılarının birgə səyləri nəticəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin siyasi, ticari-iqtisadi, energetika, nəqliyyat-tranzit, humanitar və bir çox digər sahələrdə yüksək inkişaf dinamikası nümayiş etdirdiyi bildirilib.
Vurğulanıb ki, iki ölkə arasında iqtisadiyyatın bütün istiqamətlərində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir.
Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsullarının əsas tədarükçülərindən biri olduğu qeyd edilib.
Kənd təsərrüfatı məhsullarının təchizatının artırılması ilə bağlı qarşılıqlı maraq ifadə olunub.
Görüşdə iki ölkə arasında aqrar-sənaye kompleksinin müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Xatırladaq ki, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi artır. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz və ya 127,5 milyon dollar çoxdur. Ötən dövründə Azərbaycanın Rusiyadan idxalı 10,6 faiz artaraq 1,9 milyard dollara çatıb.
Hesabat dövründə Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Belə ki, cari ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiyaya 641 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Azərbaycandan Rusiyaya əsasən meyvə-tərəvəz, meyvə şirələri və digər məhsullar ixrac edilib. 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 9,57 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.