BAKI, 13 sentyabr — Sputnik. Mənim Ukrayna ilə bağlı sülh təşəbbüsümdən sonra Avropada sülhlə bağlı müzakirələr başlayıb və getdikcə daha çox Aİ ölkəsi Almaniya da daxil olmaqla "sülh düşərgəsinə" keçmək barədə düşünür. Bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
"Avropa İttifaqı liderlərinin mövqeyinə görə, biz müharibədən uzaqlaşmalıyıq, əgər biz səngərdən çıxmağın vaxtının gəldiyini ciddi şəkildə danışmağa başlasaq, bu mümkündür. Döyüş meydanında münaqişənin həlli yoxdur, bu ideya bizim sülh missiyamız tərəfindən irəli sürülüb və bununla da biz Avropada böyük müzakirələrə başladıq", - Orban Kossuth radiosunda deyib.
Onun sözlərinə görə, sülh təşəbbüsü olmasaydı, bu müzakirə başlamazdı və hamı yalnız müharibədən danışardı. "Sülhlə bağlı müzakirə və dialoq başlayandan sonra məlum oldu ki, getdikcə daha çox Aİ ölkəsi sülh düşərgəsinə qoşulacaq", - Orban bildirib.
Xarici KİV yazır ki, daha əvvəl Almaniya kansleri Olaf Şoltsun Ukrayna böhranının sülh yolu ilə nizamlanması planı hazırlayıb. Bildirilir ki, Şolts rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının iki nümayəndəsi - Merkelin dövründə Ukrayna danışıqlarının iştirakçıları olan Ralf Şteqner və Rolf Mützeniçlə birlikdə sülh planı üzərində işləyir. Bu planı "bir növ Minsk-3" adlandırırlar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Şoltsun Ukraynada münaqişənin həlli üçün plan hazırlaması barədə xəbərləri görüb, lakin detalları bilmir.
İyulun əvvəlində Orban Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinpin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, həmçinin Vladimir Zelenski ilə görüşlər keçirib. Daha sonra Macarıstanın baş naziri bütün Aİ liderlərinə Ukraynadakı münaqişənin vəziyyətin real qiymətləndirilməsinə, məqsədlərə və müddətlərə əsaslanaraq həll planını çatdırıb.