DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsraillilər tərəfindən öldürülən Türkiyə vətəndaşının cənazəsi Bakıya gətiriləcək

Cənazə Türkiyənin Bakıdakı səfirliyinə təhvil veriləcək, bundan sonra Türk Hava Yollarının reysi ilə İstanbula göndəriləcək.
Sputnik
BAKI, 12 sentyabr - Sputnik. Bir neçə gün əvvəl İordan çayının qərb sahilində dinc etirazlar zamanı İsrail təhlükəsizlik qüvvələri tərəfindən açılan güllələrdən dünyasını dəyişən Türkiyə vətəndaşı Ayşenur Ezgi Eyginin cənazəsi bu gün axşam saatlarında Bakıya gətiriləcək.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, cənazə bu ölkənin Bakıdakı səfirliyinə təhvil veriləcək, bundan sonra Türk Hava Yollarının reysi ilə İstanbula göndəriləcək.
Dəfn mərasiminin sabah olacağı bildirilir.
Xatırladaq ki, bir neçə ay əvvəl Türkiyə Qəzza zolağında baş verənlərə etiraz olaraq İsraillə bütün əlaqələri, o cümlədən hava yolları ilə müntəzəm uçuşları dayandırıb.
26 yaşlı Amerika və Türkiyə vətəndaşı Ayşenur Ezgi Eygi ötən cümə günü Nablus yaxınlığındakı Beyta qəsəbəsində yəhudi məskənlərinin genişləndirilməsinə qarşı keçirilən etiraz aksiyasında iştirak edib və yerli məlumatlara görə, İsrail Dövlətinin silahlı qüvvələri və onun əsas təhlükəsizlik orqanının (İDF) əsgəri tərəfindən güllələnərək öldürülüb.
Ayşenur Ezgi Eygi Nablusdakı xəstəxanaya aparılıb və qısa müddət sonra orada ölüb. Rafidiya Xəstəxanasının rəhbəri doktor Fuad Nafaa qızın "başından aldığı güllə yarası"ndan öldüyünü təsdiqləyib.
İsrail Müdafiə Qüvvələri "bölgədə açılan atəş nəticəsində bir xarici vətəndaşın ölməsi ilə bağlı xəbərləri araşdırdıqlarını" bildirib.
ABŞ dövlət katibi Antoni Blinken “faciəli itki” ilə bağlı başsağlığı verib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə İsrailin hərəkətlərini “barbarlıq” adlandırıb.
Türkiyə Xarici İşlər Nazirliyi Ezginin “Nablusda İsrail işğalçı əsgərləri tərəfindən öldürüldüyünü” bildirib.
Ağ Ev, hər iki tərəfi günahlandırmaqdan çəkinərək, ehtiyatlı yanaşma nümayiş etdirib. Lakin İsraili hərtərəfli araşdırma aparmağa çağırıb.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonun “Ayşenur Ezgi Eyginin ölüm şəraiti ilə bağlı əlavə məlumat topladığını” bildirmişdi.
Eygi, Fələstin torpaqlarının İsrail tərəfindən işğalına qarşı dinc və sivil üsullarla fələstinlilərə dəstək verən Beynəlxalq Həmrəylik Hərəkatının könüllüsü və hüquq müdafiəçisi idi.
2003-cü ildə İsrail buldozeri tərəfindən əzilərək öldürülən ABŞ vətəndaşı Reyçel Korri (Rachel Corrie) də eyni hərəkata mənsub idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.