TƏHSİL

Nazirdən kağız formada sənəd tələb edən universitetlərə irad

O, bildirib ki, müvafiq dövrlər üzrə nəzarət qurumları tərəfindən audit yoxlamaları aparılır.
Sputnik
BAKI, 10 sentyabr — Sputnik. Bəzi universitetlərin qəbul olunan tələbələrdən qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil.
Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.
Nazirin sözlərinə görə, artıq Elm və Təhsil Nazirliyi tam rəqəmsal sistemə keçib:
"Nazirliyin nailiyyətləri də buna imkan verir. Əksər hallarda bu proses rəqəmsal aparılıb. Bu, bəlkə də, 90 faizdən yuxarıdır. Müxtəlif səbəblərdən keçid dövründə çox az sayda universitetlər tələbələrdən kağız üzərində sənədlər tələb ediblər. İstənilən halda, bu proses portal.edu.az üzərində aparılır, digərlərinə ehtiyac yoxdur. Hesab edirəm ki, növbəti illərdə proses tamamilə rəqəmsallaşacaq".
Emin Əmrullayev Hesablama Palatasının Bakı Dövlət Universitetində (BDU) aşkarladığı nöqsanlara da münasibət bildirib. O, bildirib ki, müvafiq dövrlər üzrə nəzarət qurumları tərəfindən audit yoxlamaları aparılır. Təbii ki, prosesdə nöqsanlar üzə çıxır:
"Prosedur olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həmin qüsurlarla bağlı ilk olaraq izahat alınır. Çünki qarşı tərəfin də rəyi alınmalıdır. Orada bir neçə qüsur ola bilər. Əgər hansısa maliyyə qüsurları varsa, onların bərpası məsələsi həmişə qaldırılır. Amma digər məsələlər əgər texniki xarakter daşıyırsa, bu halda həmin qurumlara xəbərdarlıq edilir. Bu qüsurlara yol verilməməsi tapşırılır".