CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Göz rənginin dəyişdirilməsi korluğa səbəb ola bilər! - Həkim xəbərdarlıq edir

Qeyd edək ki, son zamanlar göz rəngini dəyişdirmək üçün keratopiqmentasiya əməliyyatı dəb halını alıb.
Sputnik
BAKI, 3 sentyabr — Sputnik. Azərbaycanda son vaxtlar dəbə düşən göz rənginin dəyişdirilməsi (buynuz qişanın piqmentasiyası) əməliyyatı təhlükəlidir. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Buynuz qişanın patologiyası və transplantasiyası” şöbəsinin elmi işçisi, Tibb üzrə Fəlsəfə Doktoru, cərrah-oftalmoloq Cəmil Həsənov söyləyib.
Qeyd edək ki, son zamanlar göz rəngini dəyişdirmək üçün keratopiqmentasiya əməliyyatı dəb halını alıb. Bu günlərdə teleaparıcı Mətanət Əliverdiyeva da bu əməliyyatla göz rəngini dəyişib. Azərbaycanda göz rənginin dəyişdirilməsi, tanınmış həkim Cahid Şahbazov tərəfindən icra edilir. Əməliyyatın qiyməti 8 min manatdır.
Cərrah-oftalmoloq Cəmil Həsənov isə bu əməliyyatın insanları gözdən əlil etdiyini söyləyib.

"Psevdooftalmoloqlar tərəfindən pul qazanmaq xatirinə insanlara necə yalan məlumatlar verildiyini çoxdan müşahidə edirəm. Həmişə ümid edirdim ki, insanlar düzgün seçim edəcəklər. Amma təəssüf ki, kifayət qədər pasiyent sadəlövhlük və məlumatsızlıq ucbatından gözdən əlil olur", - deyə C.Həsənov söyləyib.

Linzalar, arxiv
O, bildirib ki, bu prosedurdan sonra aşağıdakı ağırlaşmalar baş verir:
1.
Xroniki quru göz;
2.
Ektaziyaya, bulanmaya, buynuz qişanın hidropsuna və görmə qabiliyyətinin itirilməsinə gətirib çıxaran buynuz qişanın deformasiyası;
3.
Yeridilən boyaya reaksiya kimi xroniki fotofobiya, iltihab, uveit;
4.
Buynuz qişada yeni qan damarlarının əmələ gəlməsi;
5.
Buynuz qişada çapıq və görmə itkisinə səbəb ola biləcək bakterial və ya göbələk infeksiyası; 6. Buynuz qişada boyanın qeyri-bərabər paylanması;
6.
Boyanın gözün digər təbəqələrinə nüfuz etməsi;
7.
Miqrasiya və ya boyanın gözə daxil olması səbəbindən rəngin solması;
8.
Qlaukoma;
9.
Tam korluq.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Buynuz qişanın patologiyası və transplantasiyası” şöbəsinin elmi işçisi, Tib üzrə Fəlsəfə Doktoru, cərrah-oftalmoloq Cəmil Həsənov
İndiyədək 60-dan çox buynuz qişa transplantasiyası edən mütəxəssis bildirib ki, gözün rənginin dəyişməsi iltihab və ya buynuz qişanın anadangəlmə anomaliyası səbəbindən gözlərdəki anormal görünüşü (buynuz qişada bulanma və ya çapıq) aradan qaldırmaq üçün edilərsə, bütün fəsadlara bəlkə də göz yummaq olar:

"Amma bu, sadəcə olaraq pasiyentin gözünün rəngini dəyişmək istəməsi və israr etməsi səbəbindən edilirsə, ixtisaslı oftalmoloq tərəfindən qəbuledilməzdir. Həkim ən azından, bu əməliyyatın geri dönüşünün olmaması və baş verə biləcək ağırlaşmalar barədə pasiyentə ətraflı məlumat verməlidir, nəinki, pul-qazanc xətirinə insanların arzusunda olduğu göz rəngini reklam etməlidir".

C.Həsənov onu da vurğulayıb ki, dünyanın bütün oftalmoloji cəmiyyətləri "mən gözlərimin rəngini həmişəlik dəyişmək istəyirəm" səbəbi ilə aparılan bu prosedurun qəti əleyhinədir. Həkim insanlara səslənib:

"Bu gün mavi gözlü, sabah yaşıl gözlü, ertəsi gün qəhvəyi gözlü görünmək istəyirsinizsə, kosmetik (rəngli) kontakt linzalardan istifadə edin".

Tibb üzrə fəlsəfə doktoru onu da qeyd edib ki, göz rənginin dəyişdirilməsinin fəsadlarından məlumatsız olan insanlar, internetdə buynuz qişanın piqmentasiyası və ağırlaşma riski haqqında məlumatları oxuyaraq maariflənə bilərlər.

"Təəssüf ki, internetdə göz rənginin dəyişdirilməsi ilə bağlı reklam çarxları bütün dünyada böyük populyarlıq qazanıb. Nəticələrini anlamayan insanlar pulsevən həkimlərin təklifi ilə bu son uydurmanı qəbul etməyə başlayıblar. Geridönməz nəticə barədə xəbərdarlıq etmək üçün Amerika Oftalmoloqlar Akademiyası (AAO) (32.000 üzvü olan oftalmoloqların ən böyük qlobal oftalmoloji birliyi) 2024-cü ilin yanvar ayında hesabat dərc edibdir. Hər kəsi insanları məlumatlandırmaqla sağlam gözlərə qarşı bu xaosu dayandırmağa səsləyirəm", - deyə cərrah-oftalmoloq söyləyib.

Onu da qeyd edək ki, sözügedən əməliyyat şəxsiyyətin müəyyənləşdirilməsi baxımından da suallara yol açır.
Daxili İşlər Nazirliyi (DİN) son zamanlar ölkəmizdə də populyarlaşan göz rənginin dəyişdirilməsi (FLAAK) əməliyyatının şəxsiyyətin müəyyənləşdirilməsinə problem yaradıb-yaratmayacağına aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib ki, biometrik şəxsiyyət vəsiqəsinin göstəricilərinə əsasən şəxsin üz quruluşunun və yaxud göz rənginin dəyişdirilməsi onun kimliyini müəyyən etməkdə maneə yaratmır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Gözünüz kor ola bilər! Foto-Video