SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Polad Bülbüloğlu Zatulinin bəyanatları ilə bağlı Dumaya məktub göndərib

Diplomat Dövlət Dumasının sədrinə müraciət edərək, ondan bu məsələyə prinsipial yanaşmağı və gələcəkdə Zatulinin bu cür təxribatçı hərəkətlərinin qarşısını almaq üçün mümkün olan bütün tədbirləri görməyi xahiş edib.
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RF Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin qondarma "DQR-in müstəqillik günü" münasibətilə videomüraciəti ilə bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.
Səfir və Azərbaycanın Qarabağ bölgəsinin Şuşa, Ağdam, Xocavənd şəhərlərindən deputat seçilən Polad Bülbüloğlunun məktubunda Dövlət Duması sədrinin diqqətinə Zatulinin "növbəti çirkin hərəkəti" çatdırılır. Belə ki, o, bu il sentyabrın 2-də hazırda mövcud olmayan qondarma "DQR-in müstəqillik günü" münasibətilə "təbrik mesajı" yayıb.
Diplomatımız yazıb: "Zatulin özünün təxribat xarakterli müraciətində guya "Rusiyadakı qayğıkeş insanlar" adından çıxış edərək separatçılara dəstək verir və bununla da artıq başa çatmış münaqişəni canlandırmaq üçün xəyali ümidlərlə erməni cəmiyyətində revanşist qüvvələri yenidən təhrik edir. Üstəlik, o, çıxışında separatçı rejimin keçmiş rəhbərlərini və əlləri günahsız azərbaycanlıların qanına bulaşmış digər terrorçuları nəzərdə tutur".
Məktubda vurğulanır ki, Ermənistanda "persona non-qrata" elan olunan Zatulin Rusiya cəmiyyətində ekspansionist baxışları və hekayələri təbliğ etməkdə davam edir, Rusiyada yaşayan erməni millətindən olan himayədarlarının siyasi sifarişlərini yerinə yetirir, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təxribat xarakterli fəaliyyətləri ilə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür.
Səfir xatırladıb ki, ötən ay prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri zamanı tərəflər əməkdaşlığın yüksək səviyyəsini bir daha təsdiqləyib, Rusiyanın dövlət başçısı da uzunmüddətli sülhün, təhlükəsizliyin bərqərar olmasına və Cənubi Qafqaz regionunda sabitliyə töhfə verməyə hazır olduğunu bəyan edib.
Polad Bülbüloğlu qeyd edib: "Bu müsbət fonda ölkəsinin rəsmi mövqeyinə qarşı çıxan "Vahid Rusiya" partiyası üzvünün destruktiv hərəkətləri göstərir ki, o, nəinki bununla razı deyil, həm də dövlət başçısının fikrinə hörmət etmir".
Diplomat Dövlət Dumasının sədrinə müraciət edərək, ondan bu məsələyə prinsipial yanaşmağı və gələcəkdə Zatulinin bu cür təxribatçı hərəkətlərinin qarşısını almaq üçün mümkün olan bütün tədbirləri görməyi xahiş edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.