BAKI, 3 sentyabr - Sputnik. Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) monitorinq missiyalarının qiymətləndirmələrinə əsasən, Azərbaycanda seçkilər şəffaf, etibarlı və demokratik, milli qanunvericiliyin tələblərinə uyğun təşkil olunmuş kimi tanınıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı məlumatında deyilir.
Bildirilir ki, seçkiləri Rusiyanın da daxil olduğu 69 ölkədən 51 təşkilatdan 12 minə yaxın yerli və 589 beynəlxalq müşahidəçi izləyib.
"Buna baxmayaraq, qərblilər və onlara bağlı beynəlxalq strukturlar bir daha respublikada gedən demokratik proseslərin real mənzərəsinə uyğun gəlməyən qərəzli və subyektiv qiymətlər veriblər", - məlumatda bildirilir.
Qeyd olunur ki, Rusiya tərəfinin ATƏT/DTİHB vasitəsilə göndərdiyi müşahidəçilər vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması faktını qeydə almayıb.
"Rusiya tərəfi xalq iradəsinin ifadəsinin uğurlu təşkili münasibətilə azərbaycanlı dostlarımızı təbrik edir. Nəticələr Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasi kursa və sosial-iqtisadi islahatlara əhali arasında geniş dəstəkdən xəbər verir", - məlumatda deyilir.
Rusiya XİN yayılan məlumatda Azərbaycan Respublikası Milli Məclisinin deputat korpusunun yeni tərkibi ilə Rusiya Federasiyası Federal Məclisi arasında iki ölkənin müttəfiqlik münasibətlərinə uyğun sıx və konstruktiv qarşılıqlı fəaliyyətin davam edəcəyinə ümidvar olduğunu ifadə edib.
Sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə prezidenti İlham Əliyevin rəhbərlik etdiyi hakim Yeni Azərbaycan Partiyası qalib gəlib. Parlamentdəki 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb ki, onlardan 305-i iyirmi beş siyasi partiyadan, 684-ü özünün namizədliyi ilə, 1 namizəd isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermədə 2 milyon 196 min 771 nəfər iştirak edib. Seçkilərdə seçicilərin 37,27 faiz iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.