Azərbaycanın xarici borcu azalır, daxili borc isə artır - bunun səbəbi nədir?
Bu tendensiya daxili qiymətli kağızlar bazarında borcların artırılmasını və xarici borcun tədricən azaldılmasını nəzərdə tutan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strategiyasına uyğundur.
SputnikBAKI, 2 sentyabr - Sputnik. Bu ilin iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 5,3 milyard dollar təşkil edib - hökumət adından fəaliyyət göstərən Maliyyə Nazirliyi tərəfindən büdcə kəsirinin ödənilməsi üçün 2,1 milyard dollar və ya xarici dövlət borcu portfelinin 40,6%-i cəlb olunub. Bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabatında deyilir.
Xarici borcun qalan 3,1 milyard dolları isə digər icra strukturları tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilib.
Eyni zamanda, digər qurumlardan daha çox xarici borc "Azəravtoyol" ASC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən (1 milyard dollardan çox) cəlb edilib.
Bundan əlavə, Dövlət Su Ehtiyatları Agentliyi və Azərbaycan Dəmir Yolları tərəfindən də xeyli vəsait toplanıb.
Qeyd edək ki, ilin əvvəlindən Azərbaycanın xarici borcu xeyli azalıb - 2024-cü ilin əvvəlində 6,4 milyard dollar səviyyəsində olub. Eyni zamanda, 2023-cü ildə ölkənin xarici borcu 212,5 milyon dollar və ya 3,2% azalıb.
Bundan əlavə, Azərbaycanın daxili borcu 2024-cü ilin əvvəlinə 9,2 milyard dollar və ya ÜDM-in 12,9%-i kimi qiymətləndirilib, 2023-cü ildə isə 6,8 milyard dollar və ya 3,8 dəfə artıb. Bu ilin ilk altı ayında daxili dövlət borcu 415 milyon dollar artaraq 9,7 milyard dollara çatıb.
Daxili borcun artımı daxili qiymətli kağızlar bazarında borcların artırılmasını və xarici borcun tədricən azaldılmasını nəzərdə tutan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strategiyasına uyğundur.
Yeri gəlmişkən, "Fitch" Beynəlxalq Reytinq Agentliyi bu yaxınlarda Azərbaycanın xarici borcunun azalma tempinin artdığını qeyd edib.
"Son illərdə Azərbaycanın xarici dövlət borcu azalıb, onun valyuta strukturu yaxşılaşıb və xarici borcun təxminən 2/3 hissəsi rəsmi kreditorların payına düşür. Ölkənin xarici borcunun böyük hissəsi "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlıdır", - "Fitch" analitikləri hesab edirlər.
Qeyd edək ki, ötən il Azərbaycan xarici borcun xidmətinə 838,8 milyon dollar ayırıb ki, bunun da 534,4 milyon dolları Maliyyə Nazirliyinin borcunun ödənilməsinə yönəldilib.
Bununla yanaşı, ötən ilin yekunlarına görə, xarici borc strukturunun 35,4%-i avrobondların, 29,9%-i Asiya İnkişaf Bankının, 14,9%-i Dünya Bankının, 19,8%-i isə digər kreditorların payına düşüb.
Dövlət korporasiyaların borclarının təminatçısı kimi çıxış edir
İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, bütün dünyada xarici kapitalın və kreditlərin cəlb edilməsi adi bir təcrübədir. Lakin Azərbaycanda problem ondan ibarətdir ki, xarici maliyyə qurumları dövlət şirkətlərinə adi təşkilat kimi deyil, dövlətin zəmanət verdiyi korporasiyalar kimi kredit verirlər.
"Ona görə də belə şirkətlər, yumşaq desək, pul qazanmaqda və kredit ödəməkdə çox da maraqlı deyillər. Onlar anlayırlar ki, bu cür borcları bağlayacaq dövlət həmişə var. Bu, dövlət borcunun ən təhlükəli tərəfidir", - Cəfərli Sputnik Azərbaycan-a bildirib.
İqtisadçı qeyd edib ki, son illər dövlət korporasiyalarında borcların artması tendensiyasının davam etməsi də narahatlıq doğurur.
Onun sözlərinə görə, hazırda Azərbaycanın dövlət borcu düzgün hesablanmır - yalnız dövlət adından götürülən kreditlər belə hesab olunur. Ancaq zamini dövlət olan dövlət korporasiyalarının borcları isə, məsələn, "SOCAR" Dövlət Neft Şirkətinin borcları dövlət borcu kimi nəzərə alınmır və bu isə yanlışdır.
"Əgər bu tendensiya davam edərsə, bir müddət sonra Azərbaycanın dövlət borcu ciddi şəkildə arta bilər. Hazırda dövlət borcu əhəmiyyətli deyil, məqbul səviyyədədir, lakin gələcəkdə dövlət borcunun artması müəyyən problemlərə səbəb ola bilər", - deyə Cəfərli fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.