BAKI, 31 avqust — Sputnik. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 25 nəfərin, o cümlədən Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsin saxlanıldığını açıqlayıb.
Bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“8 vilayətdə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində İnterpol xətti ilə 18 ölkə tərəfindən dərhal həbs tələbi ilə axtarışa verilən 25 şübhəli saxlanılıb”, - məlumatda deyilir.
Onun sözlərinə görə, saxlanılan şəxslər mütəşəkkil cinayətkar qrupların fəaliyyətində iştirakda, müxtəlif cinayətlər törətməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində, insan alverində, dələduzluqda, çirkli pulların yuyulmasında, qanunsuz miqrasiyada iştirakda şübhəli bilinirlər.
Saxlanılan şəxslərin Azərbaycan, Almaniya, Avstraliya, Mərakeş, Niderland, İraq, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası, Monqolustan, Moldova, Özbəkistan, Rusiya, Suriya, Türkmənistan və İordaniyada axtarışda olduqları da vurğulanıb.
03.08.23, 11:31
Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycana ekstradisiya edildi
Beynəlxalq axtarışa verilmiş şəxs Belarus Respublikasından Azərbaycana ekstradisiya edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Belə ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Haşımov Zamik Bəylər oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Belarus Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Zamik Haşımovun qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunub və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Avqustun 3-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiətilə Zamik Haşımov Belarus Respublikasından ölkəmizə gətirilib.