DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bədheybət ovu: Lox-Nessin dibində "ürək döyüntüsü" qeydə alınıb

Səs 1972-ci ildə pleziozavrın fotoşəkilinin çəkildiyi yerdə qeydə alınıb.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Böyük Britaniyada Lox-Ness bədheybətinin ovçuları gölün dibində ürək döyüntüsünə bənzər səs qeydə alıblar.
Bu barədə axtarış iştirakçıları məlumat veriblər.
"Lox-Ness Exploration" tədqiqat qrupunun nümayəndəsi Alan Makkennanın sözlərinə görə, onlar ürək döyüntüsünün səsini 1972-ci ildə pleziozavrın fotoşəkli çəkilən yerdə - Urkhart körfəzində qeydə alıblar.
Ovçular burada avqustun 10-da tədqiqat aparıblar. Səs 30 metr dərinlikdə yerləşdirilən hidrofon vasitəsilə qeydə alınıb.
"Əvvəlcə biz düşündük ki, hidrofon diblə sürüklənir, lakin sonra qayıq kapitanı kabelin dibə çatmadığını təsdiqlədi. Səs yazısında ritmik nəbz və ya ürək döyüntüsü aydın eşidilir. Səsin nədən qaynaqlandığını bilmirik, amma bu, çox maraqlıdır" - Makkenna deyib.
O bildirib ki, ilk dəfə idi ki, nəbz və ya ürək döyüntüsünü aşağıdan belə aydın eşidirdi. Eyni zamanda, Makkenna qeyd edib ki, qeydə alınan səsin ürək döyüntüsü olduğuna əmin olmasa da eşidilən bu səsi ancaq ürək döyüntüsü ilə müqayisə edə bilər.
Bundan əvvəl insan orqanizmində serotoninin xoşbəxtlik üçün deyil, neqativlərlə mübarizə üçün vacib olduğu barədə məlumat verilmişdi.