BAKI, 30 avqust — Sputnik. Dünya bazarlarında neft qiymətləri bahalaşır. İnvestorlar Yaxın Şərqdə təklifin azalacağı ilə bağlı narahatdır. Bu da neft qiymətlərinin yüksəlməsinə səbəb olub. Ümumilikdə isə dünyada tələbin azalacağı proqnozu qiymət artımlarını məhdudlaşdırıb.
"Brent" markalı neft 23 sent artaraq 80,17 dollar, ABŞ-nin Qərbi Texas (WTI) nefti 18 sent artaraq 76,09 dollar olub. Dünən hər iki markalı neft tədarük ilə bağlı narahatlıqlara görə 1 dollardan çox bahalaşıb, həftə ərzində isə müvafiq olaraq 1,5% və 1,7% artıb.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1,42 dollar artaraq 84,04 dollar təşkil edib.
Analitiklərin fikrincə, Liviyada tədarük ilə bağlı davam edən narahatlıqlar, İraqın hasilatı azaltmaq planları qiymətləri daha da qaldırıb. Bununla belə, dünyanın ən böyük neft idxalçısı olan Çində zəif iqtisadi məlumatlar neft tələbinə təsir etməkdə davam edir.
Qeyd edək ki, "Bloomberg" agentliyinin məlumatına görə, ərazisində iki hakimiyyətin fəaliyyət göstərdiyi Liviyanın Mərkəzi Bankını kimin idarə etməsi ilə bağlı çıxılmaz vəziyyət yaranıb. Şimali Afrika ölkəsi tədricən iqtisadi xaosa sürüklənir. OPEC-in üzvü olan bu dövlətin iki rəqib hökuməti arasındakı qarşıdurma ölkənin gündəlik təxminən 1 milyon barel neft hasilatının dayandırılması ilə nəticələnə bilər. Digər tərəfdən, inflyasiyaya qarşı mübarizə və iqtisadiyyata zərbə vuran pandemiyadan sonra Liviyada yoxsulluğun səviyyəsi də artır. Bu ölkədə neft hasilatının dayandırılması qlobal qiymətləri artıra bilər.
Bu arada, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər bir il ərzində könüllü 2,2 milyon barel hasilatın azaldılmasını mərhələli şəkildə dayandırmağa hazırlaşır.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.