RUSİYA

Aİ-nin Ermənistandakı müşahidə missiyası kəşfiyyat məlumatları toplayır - Səfir

Yevdokimov qeyd edib ki, Ermənistanın xarici siyasəti narahatlıq doğurur, təhlükəsizlik sahəsində Qərblə əməkdaşlıq yaxşı heç nəyə gətirib çıxarmır.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Qərbin Cənubi Qafqazda əsas məqsədləri Rusiyanı sıxışdırıb çıxarmaq, eləcə də Avrasiyada inteqrasiya proseslərinə zərbə vurmaqdır. Bunu Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov RİA Novosti agentliyinə müsahibəsində bildirib.

"Qərbin müxtəlif ölkələrin və regionların işlərinə müdaxiləsi heç vaxt sülh yolu ilə nizamlanmaya gətirib çıxarmayıb. Avrasiyada inteqrasiya proseslərinə xələl gətirən bu məqsədə çatmaq üçün Vaşinqton və onun müttəfiqləri istənilən addımı atmağa, o cümlədən Kiyev rejimi kimi marionet hökumətlər vasitəsilə Rusiya ətrafında münaqişə mərkəzlərini qızışdırmağa hazırdırlar", - Rusiya səfiri bildirib.

Səfir qeyd edib ki, əslində, Aİ-nin Ermənistandakı müşahidə missiyası Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplayır.
"Bu missiya Kanadadan bir "mütəxəssis"in də əlavə olunması ilə əslində şübhəli məqsədləri olan NATO əməliyyatına çevrilib. Missiyanın Qərbin hibrid müharibəsinin aləti olması onun məxfiliyini və istər Ermənistanın, istərsə də Azərbaycanın nəzarətində olmadığını təsdiqləyir".
Yevdokimov qeyd edib ki, Ermənistanın xarici siyasəti narahatlıq doğurur, təhlükəsizlik sahəsində Qərblə əməkdaşlıq yaxşı heç nəyə gətirib çıxarmır.
"Ümumiyyətlə, Ermənistanın hazırkı xarici siyasəti bu ölkənin gələcəyi ilə bağlı narahatlıq doğurur, bir qayda olaraq, heç də yaxşı nəticə vermir. Cənubi Qafqazda hər hansı problem xarici müdaxilə olmadan region dövlətləri tərəfindən öz həllini tapmalıdır. "3+3" Məşvərətçi Regional Platforması (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyə) bu baxımdan faydalıdır. Hazırda onun xarici işlər nazirləri səviyyəsində növbəti görüşünün vaxtı razılaşdırılır", - rusiyalı diplomat bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.