Çərşənbə günü Bakıdakı Rus Evində "Azərbaycan XX əsrin əvvəllərində Sergey Prokudinin rəngli fotoşəkillərində" adlı sərgi açılıb. Burada məşhur Rusiyalı fotoqraf və kimyaçı Sergey Prokudin-Qorskinin çəkdiyi Azərbaycan paytaxtının və ölkənin digər bölgələrinin ilk rəngli fotoşəkilləri təqdim olunub.
Layihənin kuratoru və müəllifi Rüstəm Hüseynovun "Sputnik Azərbaycan"a verdiyi məlumata görə, o, uzun illərdir ki, fotoqrafın yaradıcılığını öyrənir və hətta Milli Respublika Tarixi Muzeyində onun haqqında mühazirə oxuyub. Prokudinin bütün əsərləri ABŞ Konqres Kitabxanasında saxlanılır və onların əksəriyyəti internet səhifəsində rəqəmsal formada nümayiş etdirilir. Bu da onun yaradıcılığının bir çox tədqiqatçılarının işini asanlaşdırır.
Onun sözlərinə görə, fotoqraf Bakıdan başqa Azərbaycanın bir çox bölgələrində olub. Ümumilikdə o, 40 fotoşəkil çəkib, onlardan 20-si sərgidə təqdim olunur.
"Bunlar bizim ölkənin ilk rəngli fotoşəkilləridir. Onlar 1905-1915-ci illər arasında çəkiliblər. Təqdim olunan əsərlər Bakı Filarmoniyasının, Şirvanşahlar Sarayının məscidlərinin, Saatlı kəndinin, Muğan düzünün və digər yerlərin fotoşəkilləridir. O, mənzərələrlə yanaşı, Rusiyalı mühacirlərinin də şəkillərini çəkib" - Hüseynov qeyd edib.
Çəkiliş zamanı Prokudin 1855-ci ildə Ceyms Maksvell tərəfindən icad edilən rəngli fotoşəkillər hazırlamaq üçün qeyri-adi rəng ayırma texnologiyasından istifadə edib. Çəkiliş növbə ilə mavi, yaşıl və qırmızı rəngli filtrlər vasitəsilə aparılıb, bundan sonra ekranda əlavə proyeksiya üçün uyğun olan üç qara və ağ neqativ əldə edilib.
"Bu üsul fotoqrafdan ən yüksək ixtisasa və yaxşı kimya biliyinə malik olmasını tələb edirdi. Prokudin məşhur kimyaçı Dmitri Mendeleyevin tələbəsi olduğundan, onun heç bir problemi yox idi. Bu metod və Prokudinin peşəkarlığı sayəsində biz XX əsrin əvvəllərində ölkəmizin necə göründüyünü rəngli formatda görə bilirik" - Hüseynov qeyd edib.
Sərgi bir həftə davam edəcək.