BAKI, 28 avqust — Sputnik. "Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə çoxsaylı siyasi partiyanın iştirakı Azərbaycanda ədalətli və demokratik seçki mühitinin olduğunu təsdiq edən amildir. Namizədlər arasında təcrübəli siyasətçilərlə yanaşı, gənclərin də sayının kifayət qədər olması Azərbaycan cəmiyyətinin bütövlükdə seçkiyə diqqətindən qaynaqlanır. Təbii ki, bu da cəmiyyətin seçkinin şəffaflığına inamının göstəricisidir".
Bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Qazaxıstan Jurnalistlər Birliyinin üzvü Nasixa Qumarkızı deyib.
Qazaxıstanlı jurnalist bildirib ki, Azərbaycanda keçiriləcək seçkilərdə dünyanın hər yerindən beynəlxalq müşahidəçilərin iştirak etməsi beynəlxalq diqqətin göstəricisidir:
"Hesab edirəm ki, sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ədalətli və demokratik ənənələrə uyğun keçiriləcək".
N.Qumarkızı Azərbaycanda baş verən hadisələri yaxından izlədiyini deyib:
"Azərbaycan qardaş ölkədir. Qarabağ, Şuşa, Xocalı mənə doğmadır. 30 illik işğala son qoyulmasına görə indi Azərbaycan xalqı ilə birlikdə sevinirəm. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra yeni tarixi dövrə qədəm qoydu. İndi Qarabağı qurmaq, inkişaf etdirmək, azad edilmiş ərazilərdə şəhərlərin, rayonların, kəndlərin salınması prioritet hədəfdir. Bu baxımdan, Milli Məclisə seçkilərdə səsvermə prosesinin ilk dəfə azad olunmuş ərazilərdə də keçirilməsi, bu ərazilərə seçki hüququnun qaytarılması vacibdir. Azad olunmuş ərazilərdə seçki məntəqələri yenidən açılacaq və evlərinə qayıdan insanlar öz doğma yurdlarında səsvermə hüququndan sərbəst şəkildə istifadə edərək, öz təmsilçilərini qanunverici orqana göndərəcəklər".
Qazaxıstanlı jurnalist qeyd edib ki, budəfəki seçkilər Azərbaycan parlamentinin fəaliyyətində yeni dövrün başlanğıcı olacaq.
Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.