DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

MDB-nin Baş katibi: Ticarətdə maneələrin aradan qaldırılması mühüm məsələdir

Sergey Lebedev bildirib ki, MDB Hökumət Başçıları Şurasının iclasının gündəliyinə 20 sənəd daxildir. Onların hamısı, ilk növbədə, iqtisadi sahədə qarşılıqlı fəaliyyətə aiddir.
Sputnik
BAKI, 28 avqust — Sputnik. MDB-nin Baş katibi Sergey Lebedev MDB Hökumət Başçıları Şurasının bu il noyabrın 7-8-də keçirilməsi nəzərdə tutulan iclasının gündəliyini açıqlayıb.
"BELTA" xəbər verir ki, Sergey Lebedev MDB-yə üzv dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclasının keçirildiyi Minskdə jurnalistlərlə söhbətində deyib:
"MDB Hökumət Başçıları Şurasının iclasının gündəliyinə 20 sənəd daxildir. Onların hamısı, ilk növbədə, iqtisadi sahədə qarşılıqlı fəaliyyətə aiddir. İki məsələ nəqliyyat sahəsində əlaqələrə, biri mülki gəmiqayırma sahəsində əməkdaşlığa həsr olunub. Bundan başqa, onların bir neçəsi humanitar əməkdaşlığa həsr olunub, həmçinin 10-a yaxın məsələ maliyyə xarakterlidir, yəni MDB çərçivəsində müxtəlif fəaliyyət növlərinin maliyyələşdirilməsi ilə bağlıdır".
Baş katib qeyd edib ki, Hökumət Başçıları Şurasının iclasında mühüm məsələlərdən biri də qarşılıqlı ticarətdə maneələrin aradan qaldırılması olacaq. Onun sözlərinə görə, iclasa hazırlıq işləri planlı və məzmunlu şəkildə davam edir.