İQTİSADİYYAT

Malayziya ilk olaraq BRİKS-ə dialoq tərəfdaşı kimi qoşulmağa ümid edir - XİN

Diplomat əlavə edib ki, o, Viyeyraya Malayziyanın BRİKS-ə qoşulmaqda maraqlı olmasını bildirən məktub təqdim edib.
Sputnik
BAKI, 26 avqust — Sputnik. Malayziya ilk olaraq dialoq tərəfdaşı kimi BRİKS-ə qoşulmağa ümid edir. Bunu Malayziyanın xarici işlər naziri Mohamad Həsən braziliyalı həmkarı Mauro Viyeyra ilə görüşündən sonra bildirib.

"Hazırda BRİKS-in artıq bu il qoşulacaq yeni üzvü var. Amma BRİKS-in də ASEAN kimi dialoq tərəfdaşları sistemi var. Əgər Malayziyanın BRİKS-ə qoşulması nəzərdə tutulursa, biz ilk olaraq tərəfdaşlar səviyyəsində dialoqa qatılacağıq. Bu, Malayziya ilə BRİKS arasında münasibətlərin olması üçün kifayətdir", - deyə Malayziyanın Bernama agentliyi Həsəndən sitat gətirib.

Diplomat əlavə edib ki, o, Viyeyraya Malayziyanın BRİKS-ə qoşulmaqda maraqlı olmasını bildirən məktub təqdim edib.
"Gələn il Braziliya BRİKS-ə sədrlik edəcək və biz ümid edirik ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Malayziyanın baş nazirinə BRİKS-ə qoşulmaq dəvəti həyata keçiriləcək", - Həsən vurğulayıb.
İyun ayında Malayziyanın baş naziri Ənvər İbrahim ölkənin BRİKS-ə qoşulmaq niyyətini təsdiqləyib.
Xatırladaq ki, Azərbaycan da BRICS-ə (BRİKS) daxil olmaq üçün rəsmi müraciət edib.
İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.
BRICS 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.