HADİSƏ

Nəsiman Yaqublu seçicilərlə görüşdən dönərkən avtomobil qəzasında həlak olub

Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Sputnik
BAKI, 25 avqust - Sputnik. Azərbaycanın məşhur tarixçisi, tarix elmləri doktoru və professoru Nəsiman Yaqublu faciəvi surətdə həlak olub.
Nəsiman Yaqublu 25 avqust 2024-cü ildə deputatlığa namizəd olduğu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin seçiciləri ilə görüşmək məqsədilə Zəngilan rayonuna etdiyi səfərdən geri dönərkən Cəbrayıl rayonu ərazisində idarə etdiyi "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşını yol kənarına aşırıb.
"Nəsiman Qara oğlu Yaqublu Cəbrayıl rayonu ərazisində qəzaya düşmə səbəbilə 25.08.2024-cü il tarixində saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, hemotoraks, sol said sümüklərinin yerdəyişən sınığı, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib. Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, saat 18:43-də ölüm faktı qeydə alınıb" - TƏBİB-in yaydığı məlumatda deyilir.
Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Leninqrad (indiki Sankt-Peterburq - red.) Universitetinin Jurnalistika fakültəsində oxuyub.
1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifi olub.
1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq fəaliyyət göstərib.
Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laureatıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib.
2001-ci ildə "Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" mövzusunda namizədlik dissertasiyasını, 2014-cü ildə "Azərbaycan milli istiqlal mücadiləsi və mühacirət mətbuatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.
2019-cu il mayın 27-də Azərbaycan Respublikası Prezidentinin 1205 nömrəli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.