BAKI, 24 avqust — Sputnik. Nil çayı Afrikanın həyatında xüsusi rola malik olan çaydır. Qədim dövrlərdən bu çaydan naviqasiya və suvarma məqsədi ilə geniş istifadə edilib. Hətta məşhur piramidaların tikintisi üçün də materialın bu çay vasitəsilə gətirildiyi məlumdur.
Bəs, necə olur ki, piramidalar səhrada, Nildən azı 5 kilometr uzaqda yerləşir?
Xarici mətbuatın yazdığına görə, məsələni ABŞ və Misirdən olan tədqiqatçılar birgə araşdırıblar. Tədqiqatın nəticələri "Communications Earth & Environnement" elmi jurnalında dərc olunub.
Peyk təsvirləri sayəsində məlum olub ki, piramidalar vaxtilə Nilin sahilində yerləşib. Çayın piramidaların yanından keçən qolu əsrlər əvvəl quruyub. "Ahramat" adı verilən bu qolun uzunluğu 64 kilometr olub və bolsululuğu ilə seçilib. Bu qolun boyunca azı 31 piramida tikilib. Məşhur Gizə piramidaları da bu ərazidə yerləşib.
Alimlər belə qənaətə gəliblər ki, su mənbələrinin azalması Nilin qollarının quruması ilə nəticələnib. Bu səbəbdən qədim Misirdə piramidaların tikilmə yerləri də dəyişib. Hazırda demək olar bütün piramidalar səhrada yerləşir. Halbuki, tikildiyi dövrdə piramidalar sahildən ən uzağı 1 kilometr məsafədə olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.