SƏHİYYƏ

Körpələrin qidalanması necə olmalıdır?

Əgər uşaqda köp, reflüks, laktaz çatışmazlığı, allergiya yoxdursa, standart smeslər yeməlidir. Bir yaşadək körpənin gecə qidalanması da lazımdır. Bu, elmi cəhətdən sübut edilib.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Uşaqların ən azı 6 ayınadək ana südü ilə qidalanması çox mühümdür. Xüsusilə, Ümumdünya Səhiyyə Təşkilatı körpələrə ilk 6 ayında yalnız ana südü, 6 aydan sonra isə əlavə qidalarla birlikdə 2 yaşınadək ana südü verilməsini tövsiyə edir.
Bakı Baş Səhiyyə Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, istər təbii qidalanmada, istərsə də süni qidalanmada olan 6 ayınadək uşaqlara su verilməsi məsləhət görülmür. Çünki ana südü və süni qidanın 90-95 faizi sudur və suya olan tələbatı tam ödəyir. Su verilməsi sutkalıq qəbul edilən südün miqdarını azalda bilər. Yalnız 6 aydan sonra 60-100 millilitr su verilə bilər.
Əgər uşaqda köp, reflüks, laktaz çatışmazlığı, allergiya yoxdursa, standart smeslər yeməlidir. Bir yaşadək körpənin gecə qidalanması da lazımdır. Bu, elmi cəhətdən sübut edilib. Körpələrdə maddələr mübadiləsi sürətli getdiyi üçün qida daha tez həzm olunur. Buna görə də gecələr onlarda aclıq hissi yaranır.
Eyni zamanda, 6 aydan sonra uşaqlar əlavə qidalar qəbul etməli, verilən əlavə qidalar az-az artırılmalıdır. Bu zaman körpələr qidaları püre, xırdalanmış yarımqatı halda yeyə bilərlər. Əlavə qidalar 6-8 ayında gündə 2-3 dəfə, 9-11 ayda 3-4 dəfə verilməlidir.
Çeynəməyi yeni öyrənən körpələrin ilk yeməkləri sıyıqlar (düyü, qarabaşaq, gerkules), əzilmiş tərəvəz və meyvələrdir. Əlavə qidanı ilk dəfə meyvə ilə başladıqda, uşaqlar tərəvəzi çətin qəbul edir. Bu səbəbdən əlavə qidanı tərəvəzdən başlamaq lazımdır.
Uşağa 7 ayında tərəvəzlər (kök, kartof, kələm, gül kələmi, balqabaq, brokoli, bibər), mövsüm meyvələri (alma, armud, banan və digər), süzülmüş qatıq, yumurta sarısı, ət, toyuq əti verilə bilər. Bundan əlavə, 9-11 ayında qidalar enerji və doyurucu maddələrlə zəngin olmalıdır. Taxıl, kartof, tərəvəz, meyvə, paxlalılar, heyvan mənşəli qidalar, süd, yumurta, ət, balıq və quş əti kimi qidalar daha məqsədəuyğundur.
Hər əlavə qida başlayan zamandan ən azı 3 gün gözləyərək təkkomponentli verilir. Əgər uşaqlarda səpki, qusma, ishal, qəbizlik olarsa, bu qida dayandırılır. Ən azı 2 həftə sonra yenidən sınamaq olar.
Bir yaşadək uşaqlara inək südü, bal, badımcan, paxlalılar və çərəzlərin verilməsi tövsiyə edilmir.
Uşaqlar yeməkdən imtina edirsə, qidaların fərqli kombinasiyalarda verilməsi məsləhətdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.