İQTİSADİYYAT

Azərbaycan alması Rusiyada: Həm gəlirli, həm faydalı

Alma Azərbaycandan ən çox ixrac olunan, ölkəyə böyük həcmdə gəlir gətirən meyvələrdəndir.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Saxlanma və yetişdirilmə şərtlərinə görə sərfəli meyvə hesab olunan almaya tələbat ilboyu azalmır. Vitaminlə zənginliyi, quru və təzə halda, həmçinin şirə şəklində istifadə imkanı bu meyvənin son 20 ildə bütün dünyada istehsalının 67 faiz artmasına səbəb olub. Almanın dünyada 20 mindən çox növü yetişdirilir, bunlardan 300-ə yaxını Azərbaycanda becərilir. Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 27,7 min hektar alma bağı var, bunun da 11,7 min hektarını intensiv və superintensiv bağlar təşkil edir.
Alma Azərbaycandan ən çox ixrac olunan, ölkəyə böyük həcmdə gəlir gətirən meyvələrdəndir. Bu il üçün Azərbaycanın təzə alma ixracının miqdarı bəlli olub. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 23,5 milyon dollar dəyərində 35425 ton təzə alma ixrac edilib.
Fermerlərə sərfəlidir deyə intensiv bağlar ildən-ilə artır
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, xüsusən də Quba-Xaçmaz iqtisadi rayonunda alma sahələri genişlənib:
"Təxminən 2010-cu ildən bəri ənənəvi alma bağlarının intensiv bağlar ilə əvəz edilməsi prosesi ixracın azalmasına səbəb olmuşdu. Artıq intensiv alma bağları salınıb və məhsul bolluğu yaranıb. Ənənəvi bağın hər hektarından 40 ton məhsul götürülürsə, intensiv bağın hər hektarından 80-100 ton məhsul götürmək olur. Fermerlərə sərfəlidir deyə intensiv bağlar ildən-ilə artır".
"Düzdür, almanın qiyməti çox baha olmur, amma məhsul bol olduğuna görə qazanc əldə etmək mümkündür. Ona görə də fermerlər alma bağları salmaqda maraqlıdırlar"- o, qeyd edib.
Ekspert bildirib ki, digər tərəfdən, əvvəllər Ukraynadan Rusiyaya alma ixrac edilirdi, amma münaqişəyə görə bu ixrac azalıb:
"Tələbatı qarşılamaq üçün Azərbaycandan Rusiyaya ixrac daha da artıb. Almaya Rusiyada həmişə tələbat olub və bu məhsul Rusiyada ən çox yeyilən meyvələr arasındadır. Azərbaycan almanı əsasən Rusiyaya ixrac edir".
M.Həsənov diqqətə çatdırıb ki, almanı 6-7 ayadək soyuducu anbarlarda saxlamaq mümkündür: "Çox vaxt sahibkarlar bu məhsulu soyuducu anbarlarda saxlamaqda maraqlı olurlar. Çünki almanın qıt olan vaxtında - mart-aprel aylarında sahibkarlar məhsulu daha baha qiymətə satırlar. Mart-aprel aylarında bağlardan almanın 1 kiloqramının alışı 2-2,5 manatadək qalxa bilir".
Bu il Azərbaycanın alma ixracının 85,7 faizi Rusiyanın payına düşüb
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanın cəmi alma ixracının 85,7 faizi Rusiyanın payına düşüb. Bundan başqa, Azərbaycandan Belarusa, Qazaxıstana, Özbəkistana, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə alma ixrac edilib. Hələlik Komitə bu istiqamətdə 7 aylıq məlumatları açıqlamayıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, alma Azərbaycanın bütün bölgələrində əkilsə də meyvəçilik regionu kimi məşhur olan Quba-Xaçmaz iqtisadi rayonu alma istehsalında liderdir. Belə ki, Azərbaycanda alma bağlarının 19 min hektarı, yəni təqribən 70 faizi bu bölgənin payına düşür. Ölkədəki intensiv və superintensiv alma bağlarının isə 96 faizi məhz Quba-Xaçmaz bölgəsindədir. Təkcə Quba rayonunda 11,6 min hektar, Qusarda 4,3 min hektar, Xaçmaz rayonunda isə 2,6 min hektar alma bağı var. Bundan əlavə, Gədəbəy, Şabran, İsmayıllı, Şərur, Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki də alma yetişdirilməsinə görə seçilən rayonlardandır.
2021-ci ildə Azərbaycandan xaricə ümumi dəyəri 37,4 milyon dollar olan 66800 ton alma ixrac edilib. 2022-ci ildə ixracın həcmi 82300 ton, ümumi dəyəri 52 milyon dollar təşkil edib. 2023-cü ildə isə xaricə 91200 ton alma ixrac edilib, ümumi gəlir 57,2 milyon dollar olub.
Alma bağlarını sığortalamaq mümkündür
Gəlirli sahə olduğundan alma bağlarına maraq artmaqdadır. Alma ağacları üçün əsas risklər - dolu, fırtına, şaxtavurma, müxtəlif növ zərərvericilər və bitki xəstəlikləridir. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi vasitəsilə 41 bitkini, o cümlədən alma bağlarını çoxsaylı risklərdən sığortalamaq mümkündür. Aqrar sığorta haqqının 50 faizini fermerlərə dəstək üçün dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödənişlə alma bağlarını sığortalaya bilərlər. Məsələn, Quba-Xaçmaz regionunda 1000 manatlıq alma məhsulunu sığortalamaq fermerə cəmi 18,4 manata başa gəlir. Meyvə bağlarının geniş yayıldığı Mərkəzi Aran regionunda (Göyçay, Ağdaş, Kürdəmir və s.) bu rəqəm 16,5 manat, Dağlıq Şirvan regionunda isə (İsmayıllı, Şamaxı və s.) 22 manat təşkil edir.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olan Rusiyaya 79548 ton, Belarusa 245 ton, Qazaxıstana 7228 ton alma ixrac edib. Keçən il Azərbaycanın cəmi alma ixracının 87,1 faizi Rusiyanın payına düşüb.
RUSİYA
Rusiyaya alma və pomidorun dəmiryolu ilə daşınmasına verilmiş icazənin müddəti uzadılıb
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.