BAKI, 23 avqust — Sputnik. Təsdiq edilmiş planlara əsas "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin (BND) tərkib hissəsi olan "Orta Volqa-Xəzər-Fars körfəzi" logistika marşrutu ilə ildə 200 min tonadək ixrac-idxal yükləri daşınacaq. Bu barədə Sputnik Azərbaycan-a Rusiya Federasiyasının Ulyanovsk vilayəti hökumətinin mətbuat xidmətindən bildirilib.
Verilən məlumata görə, bu nəqliyyat-logistika dəhlizinin xüsusiyyəti onun geri yüklənməsini təmin etməkdir.
Mətbuat xidmətindən qeyd edilib ki, Ulyanovsk-Bakı-Astara yük bloku qatarının ilk heyəti "Orta Volqa-Xəzər-Fars" körfəzi dəhlizi çərçivəsində yaxın aylarda yola düşəcək. Aqrar-sənaye kompleksinin və ağac emalının məhsulları, habelə sənaye malları ixrac üçün göndəriləcək.
Eyni zamanda qeyd olunur ki, Ulyanovsk-Bakı-Astara yük marşrutu postsovet dövründə ilk birbaşa yükdaşıma marşrutudur. "Şimal-Cənub" BND-nin inkişafı çərçivəsində hazırda keçid qabiliyyətini və daşınma yüklərinin həcmini 15 milyon tondan 30 milyon tona çatdırmaq üçün dəmir yolu sahəsi modernləşdirilir.
"Azərbaycan və Rusiya Federasiyası arasında "Şimal-Cənub"un inkişafı haqqında saziş Ulyanovsk vilayətinin təşəbbüsü ilə başlanmış "Orta Volqa-Xəzər dənizi-Fars körfəzi" yeni ticarət və logistika marşrutunun inkişafı üçün böyük perspektivlər açır. Qatarın işə salınması Azərbaycanın Baş naziri Əli Əsədov ilə razılaşmaların, o cümlədən Rusiya və Azərbaycanın dəmir yolu qurumların koordinasiyalı işlərinin, səfirliyimizin, ticarət nümayəndəliyimizin və Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin dəstəyinin nəticəsidir", - məlumatda qeyd olunub.
"Orta Volqa-Xəzər dənizi-Fars körfəzi" marşrutunun işə salınması barədə qərarı Vladimir Putinin dost ölkələrlə yeni logistika marşrutlarının inkişafı ilə bağlı göstərişinə uyğun olaraq qəbul edilib və qubernator Aleksey Russkixin Azərbaycana səfəri zamanı ətraflı şəkildə işlənib.
Yüklərin həcmi artır və tərəfdaşlar buna maraq göstərirlər
Ulyanovsk vilayəti hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, Ulyanovsk-Bakı-Astara marşrutu üzrə daşınacaq yüklərin həcmi durmadan artır, dəhliz irəliləyiş mərhələsindədir.
Bu marşrut Rusiya Federasiyası və Azərbaycanın tərəfdaş ölkələri də daxil olmaqla getdikcə daha çox dəstək tapır.
"Biz İran, Tacikistan, Azərbaycan və Özbəkistan nümayəndələri ilə bir sıra uğurlu danışıqlar aparmışıq. Marşrutun şərq qolunun formalaşması da iş prosesindədir", - məlumatda bildirilir.