SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dairə seçki komissiyalarının İT mütəxəssisləri üçün seminarlar keçirilir

Layihənin əsas hədəfi seçki günü məlumatlarının operativ şəkildə ictimailəşdirilməsi və beləliklə aşkarlığın və şəffaflığın həmin gün də yüksək səviyyədə təmin edilməsidir.
Sputnik
BAKI, 21 avqust — Sputnik. Mərkəzi Seçki Komissiyası qarşıdan gələn Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində avqustun 21-dən etibarən növbəti layihəyə – dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün praktiki seminarlara başlayıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən verilən xəbərə görə, layihənin əsas hədəfi seçki günü məlumatlarının operativ şəkildə ictimailəşdirilməsi və beləliklə aşkarlığın və şəffaflığın həmin gün də yüksək səviyyədə təmin edilməsidir.
Seminarlar çərçivəsində dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin (DAİS) ümumi fəaliyyəti və yenilənərək daha da təkmilləşdirilən imkanları barədə ətraflı məlumatlandırılır, DAİS üzərindən tətbiq olunan proqram təminatlarından birbaşa və praktiki istifadə təmin edilir, eləcə də yaranan suallara yerindəcə əyani şəkildə aydınlıq gətirilir.
İnformasiya texnologiyaları üzrə mütəxəssislərə xüsusi proqram modullarından praktiki məşğələlərlə test rejimində işləməyə də şərait yaradılır ki, bu da Milli Məclisə seçkilər günü həm seçicilərin fəallığı, həm də səsvermənin nəticələrinə dair protokol məlumatlarının Mərkəzi Seçki Komissiyasına ötürülməsi üçün proqram təminatlarını dərindən mənimsəmələrinə imkan verir.
Dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssislərinin bilik, bacarıq və işgüzar vərdişlərinin gücləndirilməsində mühüm rolu olan praktiki seminarların avqustun 23-dək davam etməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Milli Məclisə seçkilərlə əlaqədar 46 ölkə və 39 qurumdan ümumilikdə 321 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb. Seçkilərlə əlaqədar 93964 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.