BAKI, 19 avqust — Sputnik. Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə gənclərin maarifləndirilməsi prosesi davam etdirilir.
Mərkəzi Seçki Komissiyası ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən maarifləndirmə zamanı "Seçki könüllüləri" tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində və ölkənin digər iri şəhərlərində gənc seçicilərə seçki prosedurları ilə bağlı maarifləndirici bukletlər paylanılıb.
Qeyd edək ki, "Seçki könüllüləri" qrupunun məqsədi gənclərin seçki hüququ, seçki mədəniyyəti, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edənlərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasına töhfə verməkdir.
Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Milli Məclisə seçkilərlə əlaqədar 46 ölkə və 39 qurumdan ümumilikdə 321 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb. Seçkilərlə əlaqədar 93964 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.