RUSİYA

ABŞ icazə verməsəydi, Zelenski Kurska hücum etməzdi - Lavrov

Rusiya XİN rəhbəri vurğulayıb ki, bu gün Avropanı ucuz Rusiya yanacağından məhrum edən "Şimal axını" partlayışlarının arxasında Vaşinqtonun dayandığına heç kim şübhə etmir.
Sputnik
BAKI, 19 avqust — Sputnik. Əgər ABŞ göstəriş verməsəydi, Vladimir Zelenski Kursk vilayətinə hücum etmək qərarına gəlməzdi. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Oğrunun başında papağı çoxdan yanıb. "Bizim bununla heç bir əlaqəmiz yoxdur", "bizdən heç kim soruşmadı" ifadələri sonradan "bəli, bizə yaxınlaşdılar, icazə vermədik, amma Zalujnı itaətsizlik etdi" ifadəsinə çevrildi. Bu uşaq söhbətidir. Hamı çox gözəl anlayır ki, Zelenski heç vaxt belə qərara gəlməzdi. Əgər ABŞ bunu ona həvalə etməsəydi, o, heç vaxt belə qərara gəlməzdi", – Lavrov "Rossiya" jurnalisti Pavel Zarubinə Qərb ölkələrinin Kiyevin Kursk bölgəsinə hücumlarına münasibətini şərh edərkən deyib.

Nazir vurğulayıb ki, bu gün Avropanı ucuz Rusiya yanacağından məhrum edən "Şimal axını" partlayışlarının arxasında Vaşinqtonun dayandığına heç kim şübhə etmir.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, avqustun 6-da səhər saat 5.30-da Ukrayna Silahlı Qüvvələrinin bölmələri Kursk vilayətində əraziləri ələ keçirmək məqsədilə hücuma keçib, onların irəliləməsi dayandırılıb.
O, Kursk vilayətində əməliyyatın düşmənin darmadağın edilməsi və dövlət sərhədinə çıxışı ilə yekunlaşacağını vurğulayıb. Rusiya Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri 3,8 minə qədər hərbçi və 54 tank itirib.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Kiyev rejimi təxribata əl atıb və mülki hədəflər də daxil olmaqla, fərq qoymadan atəş açır. Putin bildirib ki, düşmən layiqli cavabını alacaq, Rusiyanın qarşısında duran bütün məqsədlərə nail olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.