DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransa Yeni Kaledoniyada komendant saatının müddətini uzadıb

Xarici media xəbər verir ki, bu ərazidə indiyədək 2459 nəfər həbs olunub, onlardan 1331 etirazçı polis məntəqələrində, 1128-i isə jandarm təcridxanalarında saxlanılır.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Fransa hökuməti Yeni Kaledoniyada komendant saatının tətbiqi müddətini uzadıb. Xarici media xəbər verir ki, bu ərazidə indiyədək 2459 nəfər həbs olunub, onlardan 1331 etirazçı polis məntəqələrində, 1128-i isə jandarm təcridxanalarında saxlanılır.
Son məlumatlara görə, iğtişaşlar nəticəsində ölənlərin sayı 11-ə çatdığı üçün Fransa hakimiyyəti Yeni Kaledoniyada komendant saatını avqustun 26-dək uzadıb.
Yeni Kaledoniya Ali Komissarlığının verdiyi açıqlamada spirtli içkilərin satışına qoyulan məhdudiyyətlərin yumşaldıldığı bildirilib. Odlu silahlar qadağan edilib və yanacaq daşıyan konteynerlərin hərəkəti, habelə bəzi bələdiyyə xidmətləri fövqəladə vəziyyətin sonunadək məhdudlaşdırılıb.
Bununla belə, Yeni Kaledoniyada kriminal vəziyyət də Parisin nəzarətindən çıxıb. Poindimie şəhərində kilsədə yanğın törətmək cəhdi olub və Poyada avtomobil sürücülərinə hücum edilib.
Mayın ortalarından bəri Sakit okean arxipelaqını seçki qaydalarına yenidən baxılması üçün təklif olunan qanun layihəsinin səbəb olduğu iğtişaşlar bürüyüb. Dəyişikliklər adada ən azı 10 il yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səs verməyə icazəni nəzərdə tuturdu. Amma yerli sakinlər, xüsusən də Kanak əhalisi dəyişikliklərin onların səsvermə hüquqlarını azaldacağından qorxurlar. Fransa artan etirazlar fonunda bu ərazidə fövqəladə vəziyyət elan edib və əlavə qüvvələr yerləşdirib.
İyunun 12-də Fransa prezidenti Emmanuel Makron mübahisəli seçki islahatları planını dayandırmağa məcbur olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.