BAKI, 16 avqust — Sputnik. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 7 ay ərzində İİV-ə 799 nəfər yoluxub.
Bu barədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-iyul aylarının yekununa dair məlumatda bildirilib.
Onlardan 786 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olmuşdur. Azərbaycan vətəndaşları arasında 43 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olub.
Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2024-cü ilin I rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9 598 İİV-lə yaşayan ölkə vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 6 668-si (69,5 faiz) kişi, 2 930-u (30,5 faiz) qadındır.
Qeyd edək ki, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizəyə baxmayaraq, onun xüsusən də, Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionunda yayılması davam etməkdədir. Azərbaycanda bu infeksiya əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.