İQTİSADİYYAT

Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edəcək

Agentlik forumun ticarət dövriyyəsinin artırılması, təcrübə mübadiləsi və biznes nümayəndələri arasında tərəfdaşlıq əlaqələrinin qurulması yollarını müzakirə etmək üçün platforma olacağını gözləyir.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Avqustun 22-23-də Daşkənddə Azərbaycan-Özbəkistan Biznes Forumu və "Made in Azerbaijan" sərgisi keçiriləcək.
Bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb edilməsi Agentliyi (UzIPA) məlumat yayıb.

"Bu forum iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə, əməkdaşlığın inkişafına, investisiyaların cəlb edilməsinə və birgə layihələrin həyata keçirilməsinə kömək edəcək", - məlumatda qeyd edilib.

Agentlik forumun ticarət dövriyyəsinin artırılması, təcrübə mübadiləsi və biznes nümayəndələri arasında tərəfdaşlıq əlaqələrinin qurulması yollarını müzakirə etmək üçün platforma olacağını gözləyir.
Azərbaycan Özbəkistanla aqrar məhsulların dövriyyəsini artırmağı müzakirə edib
Qeyd edək ki, bundan öncə Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artırılması, bitkiçilik, meyvəçilik, ipəkçilik, aqrar təhsil, aqrar tədqiqatlar və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazir müavini Elçin Zeynalov ölkəmizdə səfərdə olan Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Akram Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan rəsmisi bildirib ki, ölkələrimiz arasında münasibətlərin xarakteri qarşılıqlı iqtisadi əməkdaşlığı inkişaf etdirməyə böyük təkan verir. Azərbaycanın Özbəkistanla bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyən nazir müavini əsas hədəflərdən birinin kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmaq olduğunu qeyd edib. E.Zeynalov müasir texnologiyaların transferi, aqrar təhsil və aqrar tədqiqatlar sahəsində hər iki ölkənin əməkdaşlıq etməsi üçün böyük potensial olduğunu vurğulayıb.
A.Əliyev isə ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün hüquqi-normativ bazanın yaradıldığını, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığa böyük töhfə verdiyini deyib.
Özbəkistan nümayəndə heyətinin bu ilin may ayında Bakıda keçirilmiş "Caspian Agro 2024" Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakını xatırladan nümayəndə heyətinin rəhbəri bu cür sərgilərin kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlər və iş adamları arasında ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından mühüm platforma rolu oynadığını bildirib.
Tərəflər bu kimi görüşlərin əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını bildirib, qarşılıqlı müzakirələrin davam etdirilməsini vacib olduğunu qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.