BAKI, 13 avqust — Sputnik. İran öz suverenliyini müdafiə etmək hüququndan istifadə etmək üçün heç kimdən icazə istəməyəcək. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.
Avqustun 12-də Böyük Britaniya, Almaniya və Fransa birgə bəyanat yayaraq, İran və onun müttəfiqlərini regional gərginliyi daha da artıran, atəşkəs və girovların azad edilməsi üçün danışıqlar aparmaq imkanını təhlükə altına qoya biləcək hücumlardan çəkinməyə çağırıblar.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani
© AP Photo / Iranian Foreign Ministry
"İslam Respublikası suverenliyini və milli təhlükəsizliyini qorumaq, regional sabitliyi təşviq etmək və regionda terrorizm və qeyri-sabitliyin əsl mənbəyinə qarşı çəkindirici qüvvə yaratmaq əzmindədir. Bu suveren hüquqları həyata keçirmək üçün heç kimdən icazə istəmirik", - Kənani bildirib.
Onun sözlərinə görə, Avropa üçlüyü sionist rejimin beynəlxalq cinayətləri ilə bağlı bir azda olsa belə etirazı ehtiva etməyən bəyanatında həyasızcasına İrandan onun suverenliyi və ərazi bütövlüyünü pozan rejimə qarşı cavab tədbirləri görməməyi tələb edir.
"Əgər bu ölkələr həqiqətən də regionda sülh və sabitlik üçün çalışırlarsa, heç bir qeyd-şərtsiz İsrail rejiminin təxribatlarına və münaqişənin qızışdırılmasına qarşı çıxmalı, Qəzza zolağına qarşı müharibəni dərhal dayandırmalı, qadınların, uşaqların və müdafiəsiz fələstinlilərin dəhşətli qətllərinə son qoymalıdırlar", - iranlı diplomat bildirib.
Qeyd edək ki, iyulun 31-də Fələstinin HƏMAS hərəkatı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün getdiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü elan edib. Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb, hücumun cavabsız qalmayacağını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.