BAKI, 10 avqust - Sputnik. Bu gün Azərbaycanın son iki idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Belə ki, sərbəst güləşçilər - Hacı Əliyev (65 kiloqram) və Maqomedxan Maqomedov (97 kiloqram) xalça üzərinə çıxacaqlar.
Üçqat dünya və dördqat Avropa çempionu olan H.Əliyev ilk görüşündə meksikalı Ostin Qomeslə üz-üzə gələcək. M.Maqomedov isə Dominikan Respublikasından Luis Miqel Peresi sınağa çəkəcək. Hər iki qarşılaşma 1/8 finala təsadüf edəcək.
Digər sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Bədii gimnastika yığması, arxiv
© AFP 2024 / NIKOLAY DOYCHINOV
Bu gün, həmçinin Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası final mərhələsində mübarizə aparacaq. Yığma 5 halqa, 3 lent və 2 top proqramı üzrə mükafatçılar arasına düşməyə çalışacaq.
Hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.