BAKI, 9 avqust — Sputnik. ABŞ-ın keçmiş prezidenti və qarşıdan gələn seçkilərdə Respublikaçılar Partiyasının namizədi Donald Tramp hazırkı Prezident Co Baydenin administrasiyası dövründə ABŞ-ın Rusiya və Çindən hörmətini itirdiyi barədə fikir bildirib.
Tramp bunu Floridadakı Mar-a-Laqo malikanəsində keçirdiyi mətbuat konfransında söyləyib. Bu tədbir "RSBN" tərəfindən yayımlanıb.
"Moskva və Pekin artıq Vaşinqtona hörmət etmirlər. Baydenin yerinə prezident olsaydım, Ukraynadakı münaqişənin qarşısını almaq olardı" - Tramp sözünə davam edib.
Bundan əlavə, Tramp Çin Prezidenti Si Cinpinlə əvvəllər yaxşı münasibətdə olduğunu, lakin COVID-19 pandemiyası səbəbilə münasibətlərin hazırda pisləşdiyini qeyd edib. Bununla belə, o, gələcəkdə Çinlə qarşılıqlı faydalı münasibətlərin bərpasının mümkünlüyünə əmin olduğunu bildirib.
Bir müddət əvvəl ABŞ Prezidenti Co Bayden ABŞ-ın keçmiş rəhbəri Donald Trampın noyabrda ölkə lideri seçkilərində məğlub olacağı təqdirdə hakimiyyətin dinc yolla ötürülməsinə şübhə etdiyini bildirib.