İQTİSADİYYAT

ŞƏT ölkələrinin valyuta əməliyyatları alyansı yaradılıb

Alyansın yaradılmasının təşəbbüskarları Çin-ŞƏT Regional Ticarət-İqtisadi Əməkdaşlıq Nümayiş Zonasının İnzibati Komitəsi və ən böyük kommersiya banklarının Çindəki filialları olub.
Sputnik
BAKI, 9 avqust — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olan ölkələr arasında milli valyutalarla ödənişlərin payının artırılmasına kömək edəcək Valyuta Alyansı Sindaoda rəsmi olaraq yaradılıb. Bu barədə ŞƏT-in mətbuat xidməti məlumat yayıb.
Qurumun rəsmi Telegram hesabında bildirilib ki, avqustun 8-də ŞƏT Katibliyinin nümayəndələri Çin-ŞƏT Regional Ticarət-İqtisadi Əməkdaşlıq Nümayiş Zonasının əsasında yaradılmış Valyuta Alyansının yaradılması ilə bağlı təntənəli mərasimdə iştirak ediblər.
"Strukturun əsas məqsədi Çin və ŞƏT-ə üzv dövlətlər arasında qarşılıqlı ticarətdə milli valyutalarda hesablaşmaların payının artırılmasına yardım etməkdir", - məlumatda deyilir.
Bildirilir ki, ŞƏT-ə üzv dövlətlərin maraqlı maliyyə qurumları üçün açıq olan alyansın yaradılmasının təşəbbüskarları Çin-ŞƏT Regional Ticarət-İqtisadi Əməkdaşlıq Nümayiş Zonasının İnzibati Komitəsi və ən böyük kommersiya banklarının Çindəki filialları olub.
"Tədbir çərçivəsində Çin yuanı, Rusiya rublu və Qazaxıstan təngəsindən istifadə etməklə beynəlxalq valyuta əməliyyatlarının birinci mərhələsinin simvolik açılışı, həmçinin kommersiya sənədlərinin imzalanması və ŞƏT paytaxtından dəvət olunmuş ekspertlərin namizədliyinin irəli sürülməsi mərasimi keçirilib", - məlumatda bildirilib.