BAKI, 9 avqust — Sputnik. Özbəkistan prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiyada strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında çoxtərəfli sazişin imzalanmasına hazırlaşmağı təklif edib. bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Hüquqi bazanı gücləndirmək və əlaqələrimizi daha da inkişaf etdirmək üçün biz Mərkəzi Asiyada strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında çoxtərəfli sazişin imzalanmasına hazırlaşmağı təklif edirik", - Mirziyoyev Mərkəzi Asiya dövlət başçılarının Astanada keçirilən VI Məşvərət Görüşündə deyib.
Özbəkistan prezidenti xatırladıb ki, ilk məşvərət görüşü altı il əvvəl Astanada olub.
"Ötən dövr ərzində bütün ölkələrimizdə tarixi görüşlər keçirilib. Biz çoxəsrlik dostluq və mehriban qonşuluq salnaməsində yeni səhifə açmışıq. Açıq və səmərəli dialoqumuz, irəli sürülmüş mühüm təşəbbüslər, başlanmış çoxtərəfli layihə və proqramlar, keçirilən çoxsaylı birgə tədbirlər regionun simasını və imicini kökündən dəyişib", - Özbəkistan Prezidenti qeyd edib.
Mərkəzi Asiya ölkələri başçılarının yeddinci məşvərət görüşü 2025-ci ilin avqustunda Özbəkistanda keçiriləcək.
Qeyd edək ki, Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edir.