BAKI, 8 avqust — Sputnik. ABŞ-da keçmiş prezident Donald Trampın hakimiyyətə qayıdışı Avropa üçün ciddi problemə çevrilə bilər. Bunu Avroqrupun rəhbəri və İrlandiyanın dövlət xərcləri üzrə naziri Paskal Donohyu deyib.
Onun sözlərinə görə, hər hansı bir sürprizin öhdəsindən gəlmək üçün daha avtonom şəkildə Aİ iqtisadiyyatını gücləndirmək lazımdır.
"Donald Tramp ticarət və tarif səviyyələri ilə bağlı çox fərqli bir gündəm ortaya qoyub. Biz öz iqtisadi muxtariyyətimizi dərinləşdirməyə, iqtisadiyyatımızın məhsuldarlığını gücləndirməyə davam etməliyik", o Bloomberg-ə müsahibəsində deyib.
Donohyu əlavə edib ki, növbəti ABŞ liderinin seçimi amerikalıların işidir, lakin Avropa istənilən ehtimala hazır olmalıdır. Bununla belə, o, etiraf edib ki, gələn il həqiqətən də ciddi problem yarana bilər.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Keçmiş prezident Donald Trampın Respublikaçılar Partiyası tərəfindən dövlət başçısı vəzifəsinə namizədliyi rəsmən irəli sürülüb.