SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Seçkidə xoşagəlməz halın qeydə alınmasından heç kim narahat olmasın - Məzahir Pənahov

MSK sədri deyib ki, media nümayəndələri daim prosesin içərisində olduğuna görə obyektiv işıqlandırmanı həyata keçirməlidir.
Sputnik
BAKI, 8 avqust — Sputnik. Seçkilərdə milyonlarla insan iştirak etdiyindən xoşagəlməz hallardan heç kim sığortalanmayıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkilərdə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə deyib.
O qeyd edib ki, media nümayəndələri daim prosesin içərisində olduğuna görə obyektiv işıqlandırmanı həyata keçirməlidir: "Harada mənfi hal görsələr, Mərkəzi Seçki Komissiyasının addımını, müdaxiləsini gözləmək lazım deyil. Medianın vəzifəsi bizim hər birimizdən yüksəkdir. Onlar qərəzli informasiya ötürmək istəyənləri qabaqlamalı, prosesi şəffaf təqdim etməlidirlər. Media subyektləri öz auditoriyasını genişləndirmək üçün sensassion ştrixlərdən istifadə etməməlidirlər. Seçkidə xoşagəlməz halın qeydə alınmasından heç kim narahat olmasın. Bundan sığortalanmaq mümkün deyil. Sadəcə baş vermə hadisəyə yerindəcə, düzgün qiymət vermək lazımdır".
Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat avqustun 9-da başlanır, avqustun 31-i saat 08:00-da dayandırılır.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.