BAKI, 6 avqust — Sputnik. Minlərlə pilotsuz uçuş aparatı (PUA, dron) xüsusi hərbi əməliyyatın (XHƏ) getdiyi ərazi səmasını doldurur. Bu dronlar və onların operatorları maneələrin qarşısını almaq, potensial hədəfləri müəyyən etmək üçün süni intellekt sistemlərindən istifadə edirlər.
Bu barədə Rusiya mediası "Foreign Affairs" jurnalına istinadən xəbər verib.
Nəşrin məlumatına görə, Rusiya hücumlara qarşı çıxa və düşmənin müdafiəsini dəf edə biləcək daha da təkmil texnologiyalar hazırlamağa tələsir. Bu, ABŞ-ın hazır olmadığı bir gələcəkdir. Onların təyyarələri, gəmiləri və tankları dronların hücumlarına qarşı müdafiə üçün təchiz olunmayıb. Hərbçilər hələ də süni intellekti qəbul etməyiblər.
Eyni zamanda Rusiya hərbçiləri Ukraynada müxtəlif süni intellektli dronlardan istifadə edirlər. XHƏ-də təcrübə qazanan Rusiya dronların istehsalını kəskin şəkildə artırıb və hazırda münaqişə bölgələrində böyük effekt əldə etmək üçün pilotsuz uçuş aparatlarından istifadə edir.
Bu yaxınlarda Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib ki, Rusiya hərbi qüvvələrinə gündə təxminən 4 min PUA verilir. Orduda FPV dronlarının sayı kəskin dərəcədə artıb.