DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Instagram" rəqəmsal faşizmlə məşğuldur - Ərdoğandan sosial şəbəkənin ünvanına sərt sözlər

Prezident deyib ki, sosial şəbəkənin rəhbərliyinə Türkiyə qanunvericiliyinə əməl etmək öhdəliyi ilə bağlı dəfələrlə xəbərdarlıq edilib.
Sputnik
BAKI, 5 avqust — Sputnik. Keçən həftədən Türkiyədə girişi bloklanan "Instagram" sosial şəbəkəsinin rəhbərliyi ilə Türkiyə hakimiyyətinin əməkdaşlığı hələ də istənilən səviyyəyə çatmayı.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Instagram" sosial şəbəkəsinin bloklanmasına münasibət bildirərkən deyib. O əlavə edib ki, "bu sosial şəbəkədə "rəqəmsal faşizm" var".
"Biz rəqəmsal faşizmə müqavimət göstəririk. Onlar ölən fələstinlilərin fotoşəkillərinə dözə bilmir və bir göz qırpımında onların qarşısını alır, öz hərəkətlərini ifadə azadlığı kimi qələmə verirlər. Eyni zamanda pozğunluğu, əxlaqsızlığı, terrorizmi təbliğ edən nəşrlərə icazə verirlər. İlk dəfə deyil ki, biz Türkiyənin sosial şəbəkələrə sahib olan şirkətlərin ikili standartlarının qurbanı olaraq qaldığını, terrorçu qrupların isə istədiklərini sərbəst şəkildə dərc etdiyini görürük" - Ərdoğan hakim partiya üzvləri qarşısında çıxışında deyib.
Dövlət başçısı əlavə edib ki, sosial şəbəkənin rəhbərliyinə Türkiyə qanunvericiliyinə əməl etmək öhdəliyi ilə bağlı dəfələrlə xəbərdarlıq edilib:
"Aidiyyatı qurumlar vasitəsilə dialoq qurmağa çalışdıq, amma təəssüf ki, bu günə qədər əməkdaşlıqda istədiyimiz səviyyəyə çata bilməmişik. Əgər Türkiyənin haqlı tələbləri yerinə yetirilsə, problem öz həllini tapacaq".
Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Əbdülkadir Uraloğlu daha əvvəl bildirib ki, Türkiyədə "Instagram"ın (Meta - Facebook sosial şəbəkəsi, Instagram-ın fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib) blokdan çıxarılmasının vaxtı sosial şəbəkə rəhbərliyinin pozuntuları nə qədər tez aradan qaldıracağından və fəaliyyətini Türkiyə qanunvericiliyinə uyğunlaşdıracağından asılıdır.
Nəqliyyat və İnfrastruktur Nazirliyinin nümayəndələri "Instagram" rəhbərliyi ilə növbəti görüş keçiriblər, hazırda sosial şəbəkə hələ də VPN olmadan əlçatmazdır.
Türkiyə Böyük Millət Məclisinin deputatları oktyabrın 1-dək məzuniyyətdədirlər, buna baxmayaraq müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) Instagram sosial şəbəkəsinin bloklanması ilə bağlı vəziyyəti müzakirə etmək üçün parlamenti avqustun 4-də növbədənkənar iclas keçirməyə çağırıb.