İQTİSADİYYAT

Mişar daşının qiyməti bahalaşıb - Evlərin qiyməti artacaqmı?

Həmsöhbətimiz Nardaran, Güzdək və Zirə qəsəbələrində daş karxanalarının çoxunun bağlandığını söyləyib.
Sputnik
BAKI, 2 avqust — Sputnik. "Bir maşın Qaradağ və Güzdək mişar daşının qiyməti 640-650 manatdır. Bir ədəd mişar daşının qiməti 80 qəpik olub". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında mişar daşı satışı ilə məşğul olan Sənan Qurbanov söyləyib.
Mişar daşının topdan və pərakəndə satışda qiyməti bahalaşıb!
Ticarətçi mişar daşının qiymətində 20 qəpik bahalaşma olduğunu söyləyib.
Qeyd edək ki, tikinti-təmir işlərində istifadə olunan mişar daşının qiyməti artıb. Bir neçə gün öncə daş karxanalarında 50-52 qəpiyə satılan daş hazırda alıcılara 0.80-1 AZN-ə təklif olunur. Digər satıcılar da daş kariyerlərinin daşın qiymətini bahalaşdırdığını təsdiqləyiblər.

"Əvvəl daşı kariyerdən 30 qəpiyə alırdıqsa, bir aydır ki, karyerlər qiyməti 45 qəpiyə qaldırıblar. Biz də məcbur olub 80 qəpik etmişik", - deyə daş satışı ilə məşğul olan satıcı bildirib.

Daş bazarı
Şüvəlan daşının qiyməti isə 65 qəpiyə qalxıb. Əfqan adlı satıcı Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, bir maşın Şüvəlan daşının qiyməti 365 manatdır. O, bir maşında 560 mişar daşı olduğunu söyləyib.

"Şüvəlan daşının bir ədədini indi daş kariyerindən 65 qəpiyə alırıq. Daş kariyerlərinin çoxu bağlandığından qiymətlər də bahalaşıb. Bir ay əvvəl isə qiymət 40-50 qəpik idi", - deyə satıcı söyləyib.

Həmsöhbətimiz Nardaran, GüzdəkZirə qəsəbələrində daş karxanalarının çoxunun bağlandığını söyləyib. O, daş kariyerlərinin bağlanmasının qiymətə təsir etdiyini deyib.
Qiyməti artıran səbəblər...
İqtisadçı Xalid Kərimli isə bildirib ki, mişar daşının bahalaşmasının əsas səbəbi dizelin qiymətindəki artımdır. Onun sözlərinə görə, dizelin qiymətinin artması tikinti daşının maya dəyərinə çox ciddi təsir edir. Buna görə də təkcə daş yox, qum, sementin qiymətində də bahalaşma olacaq.
İqtisadçı-ekspert Xalid Kərimli
İqtisadçı daş kariyerləri ilə bağlı ekoloji standartlara ciddi nəzarət olunmasının da qiymətə təsirsiz ötüşmədiyini vurğulayıb:

"Ekoloji standartlar yüksəlir. Daş karxanalarını əvvəlki kimi istismar edə bilmirlər, buna ciddi nəzarət var. Digər səbəb isə maşınların yük götürməsi ilə bağlıdır. Yəni əvvəllər yük maşınlarını nə qədər istəyirdilər doldururdular, yoldakı asfalt örtüyü xarab olurdu. İndi yollara elektron tərəzilər qoyublar, bu tərəzilər maşınların artıq yüklənməsinə imkan vermir, avtomatik rejimdə radara salır".

Sədr kariyerlərin bağlanmasının daşın qiymətinə təsir etmədiyini iddia edir
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir İdayətov isə bu günlərdə mediaya açıqlamasında bildirib ki, qeyri-qanuni istismarın qarşısının alınması mişar daşının bazar qiymətinə ciddi təsir edə bilməz. O, bazarın tələbatının ödənildiyini söyləyib.
Daş karxanası, arxiv
Agentlik sədri həmçinin son günlər mişar daşının pərakəndə satışında qiymət artımının müşahidə olunduğunu təsdiqləyib. Ancaq xəbərlə bağlı müəyyən təfsilata ehtiyac olduğunu vurğulayıb.

"Çünki mişar daşının qiymətinin artması bir yox, bir neçə səbəbdən qaynaqlanır. Əvvəla, hər yay mövsümündə tikinti materialları bazarında bu və buna bənzər hallar gündəmə gəlir. Digər yandan yük avtomaşınlarının tutumuna texniki nəzarətin gücləndirilməsi, daşınma və logistika, işçi qüvvəsi, yanacaq qiymətləri, sərbəst ticarət amili kimi səbəblər də mişar daşı qiymətlərinə təsir edə bilər. Sözügedən amillər mahiyyət etibarilə Agentliyin fəaliyyət sferasına daxil deyil. O ki qaldı Agentliyin fəaliyyətinə, monitorinqlər zamanı təəssüflər olsun ki, mişar daşı yataqlarında qeyri-qanuni istismar hallarına rastlanır. Son 2 ayda təkcə Bakı və Abşeron yarımadasındakı mişar daşı yataqlarında 15-dən çox qanunsuz hasilat faktı aşkarlanıb. Bu həm ölkə iqtisadiyyatına və ekoloji mühitə zərər vurur, həm də dövlətin sahibkarlıq fəaliyyətləri üçün müəyyən etdiyi şəffaflıq prinsiplərinə ziddir. Ona görə də monitorinqlər nəticəsində qeyri-qanuni istismarla məşğul olan hüquqi və fiziki şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Bu yerdə mütləq deməliyik ki, qeyri-qanuni istismar hallarının qarşısının alınması mişar daşının bazar qiymətlərinə ciddi təsir edə bilməz. Çünki ölkədə qanunlara riayət edən və şəffaflıq prinsipləri çərçivəsində kifayət qədər hasilat əldə edən istismarçılar var. Bazarın tələbatı ödənilir", - deyə sədr əlavə edib.

Sədr qeyd edib ki, hazırda ölkənin işğaldan azad edilmiş bölgələrində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Mişar daşı QarabağŞərqi Zəngəzurda reallaşdırılan inşaat layihələrinin vacib elementidir. Agentlik tələbatı nəzərə alaraq sözügedən region üzrə faydalı qazıntı yataqlarının ekspertizasını və monitorinqini aparır, hərraclar təşkil edir. İndiki mərhələdə Ağdam, Xocalı, Kəlbəcər, Füzuli, Qubadlı Laçın rayonlarında mövcud mişar daşı yataqları artıq istismara verilib.
Mənzil bazarında bahalaşma gözlənilir
"MBA Consulting" şirkətinin təsisçisi və direktoru Nüsrət İbrahimov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mişar daşının bahalaşması evlərin qiymətinə təsirsiz ötüşməyəcək.
Əmlak eksperti Nüsrət İbrahimov
O, yay fəslində tikinti işlərinin sürətləndiyini, daşa təlabatın artdığını söyləyib.
Ekspert həmçinin bildirib ki, mişar daşının qiymətində artım evlərin maya dəyərinin bahalaşmasına səbəb olacaq. Bu da mənzil bazarında qiymətlərin bahalaşması ilə müşayət olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İNFOQRAFİKA
Azərbaycanda tikinti materiallarının istehsalı