DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə və Ermənistan viza prosedurlarını sadələşdirmək barədə razılığa gəliblər

Xüsusi nümayəndələr son məqsədə nail olmaq üçün heç bir ilkin şərt olmadan normallaşma prosesini davam etdirməyə razı olduqlarını bir daha bəyan ediblər.
Sputnik
BAKI, 30 iyul — Sputnik. İyulun 30-da Türkiyə və Ermənistanın xüsusi nümayəndələri ilkin şərt olmadan ölkələr arasında münasibətlərin normallaşdırılması prosesini davam etdirmək və dəmir yolu keçid məntəqəsinin fəaliyyətinin bərpasını qiymətləndirməyə başlamaq barədə razılığa gəliblər. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan 2022-ci ildən bəri beşinci görüşü keçiriblər.
"Xüsusi Nümayəndələr Akyaka/Axurik dəmir yolu keçid məntəqəsinin fəaliyyətinin bərpası üçün zəruri olan texniki şərtləri regionda baş verən hadisələrə uyğun olaraq qiymətləndirmək və diplomatik pasport sahibləri üçün viza prosedurlarını sadələşdirmək barədə razılığa gəliblər" - məlumatda deyilir.
Xüsusi nümayəndələr son məqsədə nail olmaq üçün heç bir ilkin şərt olmadan normallaşma prosesini davam etdirməyə razı olduqlarını bir daha bəyan ediblər.
Yanvarın ortalarında Ermənistanın gömrük və vergi xidmətlərini birləşdirən Dövlət Gəlirləri Komitəsinin rəis müavini Karen Tamazyan jurnalistlərə bildirib ki, Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi tam təmir olunub və istismara hazırdır. Onun sözlərinə görə, gömrük və pasport nəzarəti, o cümlədən sərhədçilərin işi ilə bağlı bütün infrastruktur sərnişinlərə xidmət göstərməyə hazırdır.
2023-cü ilin noyabrında Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan bildirib ki, Marqara keçid məntəqəsi sıfırdan tikilib. Onun sözlərinə görə, keçid məntəqəsi iki ölkə arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmasına dair sazişin icrasından sonra fəaliyyət göstərə biləcək.
Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur. 2022-ci ilin yanvarında Moskvada Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələrin - Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın ilk görüşü baş tutub. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlar zamanı tərəflər konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Vyanada daha bir sıra görüşlər baş tutub.