BAKI, 22 iyul — Sputnik. Azərbaycanın radioyayım şəbəkəsində aparılan təkmilləşdirmə işlərinin yaxın aylarda tam yekunlaşdırılması planlaşdırılır.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkə Prezidentinin radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında 24 iyul 2023-cü il tarixli sərəncamının icra vəziyyəti ilə bağlı brifinqdə deyib.
"Təkmilləşdirmə işləri nəticəsində milli radioların yayımının bütün ölkədə təmin olunması, bu istiqamətdə əsasən özəl yayımçılara dövlət dəstəyi verilməsi mühüm məqamlardan biridir. Bu layihə çərçivəsində həm də yeni texnologiyaların tətbiqi nəzərdə tutulub. Qurulmaqda olan radio data sistemi sayəsində hərəkətdə olan nəqliyyat vasitələri bir bölgədən bigərinin ərazisinə keçdikdə tezliyin avtomatik tənzimlənməsi baş verəcək. Bu isə indiyə qədər mövcud olan tezliklərin dəyişməsi, radio siqnalların itməsi kimi problemi aradan qaldırmış olacaq. Görülən işlər nəticəsində nəzərdə tutulan stansiyaların böyük əksəriyyətində avadanlıqlar qurulub. Hazırda sınaq və texniki tənzimləmə işləri aparılır",- deyə o qeyd edib.