BAKI, 20 iyul — Sputnik. İyulun 20-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 20-də kimlər anadan olub?
Ramiz Əzizbəyli (1948-2021) - Azərbaycanın xalq artisti, aktyor və rejissordur. O, "Asif, Vasif, Ağasif", "Qayınana", "Şir evdən getdi" və s. filmlərdə rol alıb.
Anar Məmmədxanov (1970-2011) - Azərbaycan Milli Məclisinin birinci, ikinci və üçüncü çağırış deputatıdır. O, 1988-ci ildə məşhur "Bakılı oğlanlar" komandasını yaradıb, onun kapitanı olub və 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti olub.
Anar Məmmədxanov
© Photo : Milli Mejlis
Vladimir Volodin (1896-1958) - Sovet teatr və kino aktyoru, RSFSR xalq artistidir. O, "Sirk", "Parlaq yol", "Çılğın gün" və s. filmlərdə oynayıb.
Vladimir Volodin və Tatyana Bax
© Sputnik / Борис Рябинин
Edmund Hillari (1919-2008) - Yeni Zelandiya kəşfiyyatçısı və alpinistidir. O, 29 may 1953-cü ildə Tensinq Norqeylə birlikdə ilk dəfə dünyanın ən yüksək zirvəsi olan Everestə qalxıb.
Edmund Hillari
© NTB / AFP
Tatyana Lioznova (1924-2011) - Sovet kinorejissoru və SSRİ xalq artistidir. O, "Plüşşixada üç qovaq", "Ürək yaddaşı" filmlərini, "Baharın on yeddi anı" televiziya filmini çəkib.
Lyudmila Çursina (1941) - Sovet və Rusiya teatr və kino aktrisası, SSRİ xalq artistidir. Aktrisa yüzdən çox filmlərdə ("Riko qardaşları", "Ötən günün faktları") və televiziya seriallarında rol alıb.
Jizel Bündhen (1980) braziliyalı supermodel və aktrisadır. O, 2004-cü ildən 2016-cı ilə qədər dünyanın ən çox maaş alan modeli olub. Aktrisa "Victoria's Secret"in keçmiş mələklərindən biri kimi də tanınır. 2015-ci ilin aprelində Bündhen model karyerasını başa vurduğunu elan edib.
Jizel Bündhen
© AFP 2024 / ANGELA WEISS
20 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1402-ci ildə Teymurilər dövlətinin hökmdarı Əmir Teymurun qoşunları ilə Osmanlı sultanı I Bəyazid arasında Ankara döyüşü baş verib. Döyüşdə məğlub olan I Bəyazid əsir düşür, lakin Teymur ona dərin hörmət göstərir. Ankara döyüşündəki məğlubiyyət türklərin 50 il ərzində İstanbulu fəth edə bilməyəcəyi anlamına gəlib.
1534-cü ildə İngiltərədə dünyanın ilk universitet nəşriyyatı - Kembric Universiteti Nəşriyyatı qeydiyyatdan keçib.
1924-cü ildə Parisdə Beynəlxalq Şahmat Federasiyası yaradılıb. Bu tarix 1966-cı ildən FİDE-nin qərarı ilə Beynəlxalq Şahmat Günü kimi qeyd edilir.
1981-ci ildə "Somali Airlines" aviaşirkətinin məxsus Fokker F27-600RF sərnişin təyyarəsi Somalinin Balada şəhəri yaxınlığında qəzaya uğrayıb. Ölkə tarixinin ən dəhşətli təyyarə qəzasında 50 nəfər həlak olub.