BAKI, 20 iyul — Sputnik. Alimlər qəhvə asılılığından məsul olan genləri aşkar ediblər və qəhvə asılılığı ilə artıq çəki əldə etmək meyli arasında əlaqə qurublar.
Kanada, ABŞ və Niderlanddan olan bir qrup alim tərəfindən aparılan tibbi məlumat bazalarının təhlili qəhvə içməyə meylin çox vaxt genetikadan asılı olduğunu, yəni irsi ola biləcəyini təsdiqləyib.
Tədqiqatçılar insan xromosom xəritəsində bu içkiyə aludəçiliklə əlaqəli yeddi genetik bölmə müəyyən ediblər. Bu bölmələrin əksəriyyəti kofeinin udulmasına təsir edən genlərlə qarşılıqlı əlaqədədir. Alimlər qəhvə istehlakı ilə piylənməyə meyl arasında genetik əlaqə olduğunu da qeyd ediblər. Beləliklə, ekspertlər qənaətə gəliblər ki, qəhvə içənlərin bədən kütləsi indeksinin artması ehtimalı daha yüksəkdir.
"Tədqiqatın müəllifləri qəhvə içmək vərdişinin özünün risk daşımadığını qeyd ediblər. Amma əgər siz daim çoxlu süd və şəkərli qəhvə içirsinizsə, bu, sağlamlığınıza təsir edə bilər" – "Neuropsychopharmacology" yazıb.
Əvvəllər qastroenteroloq Stella Xamxoeva demişdi ki, enerji içkilərini istidə içmək məsləhət görülmür, çünki onların tərkibindəki kofein bədəndən mayeni çıxarır.