"Tatneft" "Bibiheybət"də: Rusiya şirkəti niyə ən qədim neft yatağına maraq göstərir?
Mart ayında SOCAR və "Tatneft" neft sahəsində birgə fəaliyyətlə bağlı Niyyət Memorandumu imzalayıblar, may ayında isə şirkətlər arasında yol xəritəsi imzalanıb.
SputnikBAKI, 18 iyul — Sputnik. Ötən həftə məlum olub ki, Rusiyanın "Tatneft" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə "Bibiheybət" neft yatağında işə başlayır.
"Bizim SOCAR-la çox sıx əməkdaşlığımız var. Biz hazırda "Bibiheybət" yatağına daxil oluruq. Burada həmkarlarımızla birlikdə bizim üçün mövcud olan texnologiyaları tətbiq edəcəyik", - Tatarıstan Neft Sammiti zamanı "Tatneft"in baş direktoru Nail Maqanov bildirib.
Bununla yanaşı, Maqanov qeyd edib ki, SOCAR və "Tatneft" Türkiyədə də birgə işlər aparırlar.
"Tatneft" in baş direktorunun bu bəyanatından əvvəl mart ayında neft-kimya sahəsində şirkətlər arasında saziş, habelə neft yatağında birgə fəaliyyət haqqında Niyyət Memorandumu bağlanmışdı. Bundan əlavə, may ayında şirkətlər "Rusiya - İslam Dünyası: KazanForum 2024" XV beynəlxalq iqtisadi forumu çərçivəsində əməkdaşlıq üçün yol xəritəsi imzalayıblar.
"Tatneft" yüksək texnologiya və nou-haudur
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, "Bibiheybət" yatağı 1871-ci ildə kəşf edilib və 1873-cü ildən 2018-ci ilin əvvəlinə kimi oradan 193 milyon ton neft və 14,5 milyard kubmetr qaz hasil edilib.
Amma yataqdakı neft ehtiyatları hələ tükənməyib və "Tatneft"in cəlb edilməsi neft hasilatını artırmaq məqsədini daşıyır.
"Rusiyadakı 100 istehsalçı şirkət arasında "Tatneft" o cəhətdən fərqlidir ki, o, həmişə "nou-hau" tətbiq edir və özünün yüksək texnologiyalarından istifadə edir. Rusiyada bu şirkət həmişə elmi və texniki tədqiqatlara yatırımları ilə fərqlənib", – Şaban "Sputnik Azərbaycan"a bildirib.
"Yəni "Tatneft" texnologiya şirkətidir və onun istehsal həcmi kifayət qədər təsiredicidir. Düşünürəm ki, "Tatneft"in təcrübəsi SOCAR üçün faydalı olacaq" - ekspert əlavə edib.
Ekspert vurğulayıb ki, "Tatneft"in baş direktoru gələcək əməliyyatın bütün təfərrüatlarını açıqlayıb.
"Belə ki, may ayında əməkdaşlıq haqqında sənəd imzalanıb və hazırda bu sənəd əsasında "Tatneft" "Bibiheybət" yatağında hasilat layihəsinə daxildir. SOCAR "Tatneft"lə əməkdaşlıq barədə məlumatı açıqlamayıb, çünki kommersiya müqaviləsinin imzalanmasını gözləyir", - mütəxəssis əlavə edib.
Türkiyədə əməkdaşlığa gəlincə, Şabanov qeyd edib ki, may ayında iki şirkət arasında imzalanmış yol xəritəsində üçüncü ölkələrdə əməkdaşlıq haqqında bənd var.
"Düşünürəm ki, üçüncü ölkə Türkiyədir. Biz, çox güman ki, İzmirdəki "Petkim" neft-kimya kompleksi və SOCAR-ın Türkiyədəki törəməsi olan "Star" neft emalı zavodu layihələrində iki şirkət arasındakı əməkdaşlığı görəcəyik" ,- agentliyin həmsöhbəti qeyd edib.
"Tatneft" "Bibiheybət"də işləmək üçün müavinət alacaqmı?
Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun analitiki İqor Yuşkov hesab edir ki, "Tatneft" çətin bərpa olunan ehtiyatlar və köhnə tükənmiş yataqlar üzərində işləmək səriştəsinə malikdir, çünki şirkətin əsas resurs bazasının cəmləşdiyi Tatarıstanda neft hasilatı çox uzun müddətdir ki, davam edir. Yuşkov qeyd edib ki, Azərbaycanın bir çox sahələrində vəziyyət eynidir.
"Çünki tarixən belə olub ki, hələ Rusiya imperiyasında neft hasilatı Bakı yataqlarında, daha sonra Qafqazda, Volqaətrafı bölgədə, sonra isə Qərbi Sibirdə olub", – Yuşkov "Sputnik Azərbaycan"a bildirib.
"Buna görə də Tatarıstanda yataqlar çox tükənmiş, bitumlu, ağır neftlə zəngindir və buna uyğun olaraq, regionda bütöv neft emalı kompleksləri tikilib. Bu komplekslər ağır və özlü neft üçün nəzərdə tutulublar və bu istiqamətə kökləniblər", - ekspert vurğulayıb.
Ekspertin fikrincə, "Tatneft"in "Bibiheybət" yatağındakı fəaliyyətində qiymət və iş şəraiti məsələsi böyük əhəmiyyət kəsb edir. Belə ki, Yuşkov qeyd edib ki, Rusiyada belə çətin bərpa olunan ehtiyatlara güzəştli vergi forması tətbiq olunur.
"Ona görə də "Tatneft" məqbul iqtisadi şərtlər alsa, o, Azərbaycanın, onsuz da köhnə, tükənmiş yataqlarında neft hasilatına kömək edə biləcək ki, onlar istismardan çıxarılmasın, işləməyə davam etsinlər", - Yuşkov qeyd edib.
Ekspertin fikrincə, bunlar kiçik həcmlər olacaq. Lakin buna baxmayaraq, bu, Azərbaycan üçün aktualdır, çünki ölkədə uzun onilliklər ərzində işlənmiş kifayət qədər yataqlar var. O əlavə edib ki, hətta ölkənin neft sektoru üçün köhnə və rentabelli olmayan yataqlarda belə hasilatı saxlamaq vacibdir.
Eyni zamanda, ekspert hesab edir ki, Türkiyədə onlar "Tatneft"dən investisiyalar, o cümlədən, ola bilsin ki, Rusiyadan gələn neft məhsullarının SOCAR vasitəsilə satışını gözləyirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.