DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT dünya əhalisinin nə vaxt pik həddinə çatacağını açıqlayıb

2050-ci ilə qədər yaşlı insanların sayı körpələrdən iki dəfə çox ola bilər.
Sputnik
BAKI, 16 iyul — Sputnik. Dünya əhalisinin sayı 2080-ci illərin ortalarında pik həddə çatacaq. Bu, 10,3 milyard nəfər təşkil edəcək. 2100-cü ilə qədər cüzi - 10,2 milyardadək azalma olacaq.
Bunu Birləşmiş Millətlər Təşkilatının ekspertləri müəyyən ediblər.
Mütəxəssislərin fikrincə, 2100-cü ildə dünya əhalisi 2013-cü ildə proqnozlaşdırılandan 6% (və ya 700 milyon nəfər) az olacaq. Son illər dünyada demoqrafik vəziyyət xeyli dəyişib - məsələn, dünyanın bəzi ən böyük ölkələrində (xüsusən də Çində) doğum nisbətində azalma müşahidə olunur.
Hazırda dünya əhalisinin 8,2 milyard nəfər olduğu təxmin edilir. Dörddə birindən çoxu və ya 28%-i 63 ölkədə və ya regionda yaşayır. 30 il ərzində Braziliya, İran və Türkiyə də daxil olmaqla 50 ölkədə əhali pik həddə çatacaq.
2054-cü ildən sonra 120 ölkədə əhalinin artımı davam edəcək. Bunlara Hindistan, İndoneziya, Nigeriya, Pakistan və ABŞ daxildir. 2054-cü ildə orta ömür uzunluğu 77,4 il olacaq.
Ekspertlər qeyd ediblər ki, hakimiyyət əhalinin qocalması problemini həll etməli olacaq. "Science Alert" xəbər verib ki, 2070-ci ilin sonuna qədər 65 yaşdan yuxarı insanların sayının 2,2 milyard nəfərə çatacağı proqnozlaşdırılır, bu da 18 yaşından kiçik insanların sayını üstələyir.
Mütəxəssislər 2019-cu ildə bəşər tarixində ilk dəfə olaraq yaşlı insanların sayının uşaqların sayından çox olduğunu bildiriblər. Planetdə yaşı 65-dən yuxarı olan 705 milyon insan və beş yaşa qədər 650 milyon uşaq olub. 2050-ci ilə qədər yaşlı insanların sayı körpələrdən iki dəfə çox ola bilər.