BAKI, 14 iyul - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampa qarşı təşkil olunmuş sui-qəsdlə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda deyilir:
"Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”.
Xatırladaq ki, Donald Tramp atışma üzündən şənbə günü Pensilvaniyada ictimaiyyət qarşısında çıxışını yarımçıq kəsib. Videoda siyasətçinin qulağının qan içində olduğu vaxt mühafizəçilər tərəfindən necə aparıldığı əks olunub. Tramp daha sonra qulağından yaralandığını və çoxlu qan itirdiyini bildirib.
ABŞ Məxfi Xidməti səhnəyə doğru bir neçə dəfə atəş açan şübhəlini öldürdüyünü bildirib. Atışma zamanı bir tamaşaçı həlak olub, iki nəfər isə ağır yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.